Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsil alan bir qrup tələbə tədris mühitində mövcud qaydalar və müəllim-tələbə münasibətləri ilə bağlı narazılıqlarını ifadə edib.
Tələbələrin Bakıvaxtı.az-a verdiyi məlumata görə, universitetdə dərs prosesində mobil telefonların yığılması, geyim qaydalarına sərt yanaşma və bəzi hallarda tələbələrə qarşı üslub məsələləri narazılıq doğurur. Onlar bu məhdudiyyətlərin digər ali təhsil müəssisələri ilə müqayisədə daha sərt tətbiq olunduğunu iddia edirlər.
Şikayətlərdə həmçinin dərs zamanı tələbələrə münasibətdə bəzən qeyri-rəsmi və kinayəli üslubun istifadə edildiyi, bunun isə tələbələrin psixoloji rahatlığına təsir etdiyi qeyd olunur. Tələbələr eyni zamanda qiymətləndirmə və davranış yanaşmalarında ədalətsizlik ola biləcəyini bildirərək daha obyektiv mühitin yaradılmasını istəyirlər.
Bundan başqa, bəzi tələbələr universitet daxilində gündəlik ehtiyaclarla bağlı məhdudiyyətlərin, o cümlədən dərslərarası fasilələrin yetərli olmamasının da çətinlik yaratdığını vurğulayırlar.
Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusunu cavablandıran ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov səsləndirilən iddiaların bir qisminin reallığı əks etdirmədiyini bildirib.
Onun sözlərinə görə, universitetdə tələbələrin mobil telefonlarının yığılması ilə bağlı hər hansı qayda və ya məhdudiyyət mövcud deyil:
“Dərslərin gedişi ilə bağlı qaydalar semestrin əvvəlində sillabuslarda tələbələrə təqdim olunur. Bəzi hallarda müəllimlər dərsin səmərəliliyini qorumaq məqsədilə tələbələrə mobil telefonlardan istifadə etməməyi və cihazları çantalarına qoymağı tövsiyə edə bilərlər. Bu, qadağa deyil, tövsiyə xarakteri daşıyır. Mobil cihazların yığılması və ya bir yerə toplanması ilə bağlı iddialar real faktlarla səsləşmir”.
Geyim qaydalarına dair iradlara da münasibət bildirərən E.Aslanov bildirib ki, universitetdə tələbələrin geyiminə dair sərt və məcburi tələblər tətbiq olunmur. Dediyinə görə, ADPU-da müxtəlif geyim üslublarına tolerant yanaşma mövcuddur:
"Tələbələr nə tədris prosesində, nə də universitetə giriş zamanı geyimlərinə görə hər hansı maneə ilə üzləşmirlər. Müəllimlər tərəfindən yalnız akademik mühitə və gələcək pedaqoji fəaliyyətə uyğun səliqəli geyimlə bağlı tövsiyələr verilə bilər”.
Eldar Abbasov, ADPU-nun tədris işləri üzrə prorektoru, dosent
Prorektor müəllim-tələbə münasibətləri ilə bağlı səsləndirilən narazılıqlara da toxunub. Onin sözlərinə görə, universitetdə etik davranış prinsiplərinə əməl olunmasına ciddi nəzarət edilir. Daxil olan müraciətlər və şikayətlər universitetin Nizam-İntizam Komissiyası tərəfindən araşdırılır, bütün tərəflərin mövqeyi dinlənilir və zəruri hallarda müvafiq tədbirlər görülür.
Qiymətləndirmədə obyektivliyin təmin olunması ilə bağlı məsələlərə gəlincə, prorektor qeyd edib ki, universitetdə 10 ildən artıqdır fəaliyyət göstərən İmtahan Qərargahı tələbələrin müraciətlərinə baxır və yaranan problemlərin operativ həlli istiqamətində tədbirlər görür. İmtahan nəticələri ilə bağlı narazılıqlar isə ayrıca fəaliyyət göstərən Apellyasiya Komissiyası tərəfindən araşdırılır.
Eldar Aslanov son vaxtlar sosial şəbəkələrdə imtahan nəticələrinin gec açıqlanması ilə bağlı səsləndirilən narazılıqlara da münasibət bildirib. O qeyd edib ki, qiymətləndirmədə obyektivliyin artırılması məqsədilə bəzi hallarda imtahan işləri iki və ya üç müəllim tərəfindən yoxlanılır. Bu səbəbdən nəticələrin elan olunması müddəti 2-3 gün, bəzi hallarda isə 4 günə qədər uzana bilir.
Fasilələrlə bağlı məsələyə toxunan prorektor universitetdə dərslər arasında böyük və kiçik fasilələrin nəzərdə tutulduğunu, tələbələrin ehtiyaclarının qarşılanması üçün bütün tədris binalarında yeməkxana və digər infrastruktur imkanlarının yaradıldığını bildirib. O əlavə edib ki, bəzi köhnə binalarda infrastruktur imkanları məhdud olsa da, onların təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Beləliklə, tələbələrin səsləndirdiyi narazılıqlar fonunda ADPU rəhbərliyi universitetdə mobil telefonların yığılması, geyimə görə məhdudiyyətlər və qiymətləndirmədə qərəzliliklə bağlı iddiaları qəbul etmir və tədris prosesində şəffaflığın, obyektivliyin və etik davranış prinsiplərinin qorunduğunu bildirir.
Murad İsmayıl
Bakı 



