Rusiya ilə Afrika ölkələri arasında əməkdaşlıq son illər artan dinamika ilə inkişaf etsə də, bəzi hallarda Moskvanın iqtisadi və texnoloji təklifləri soyuq qarşılanır.
Bakıvaxtı.az xəbər verir ki, son olaraq Efiopiya Hava Yolları Rusiya ilə təyyarə icarəsi və texniki xidmət üzrə əməkdaşlıq imkanlarını rədd edib.
Bəs bu rədd cavabı nə ilə bağlıdır? Rusiya-Afrika münasibətlərində nə dəyişir?
Mövzunu Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, bu, təkcə texniki və ya kommersiya qərarı deyil, həm də diplomatik və geosiyasi siqnaldır. Efiopiya bu addımı ilə Rusiya ilə əməkdaşlıqda tam sərbəst olmadığını, ehtiyatlı və balanslı mövqe tutduğunu göstərdi. Burada həm qərb təsiri, həm də texnoloji etimadsızlıq amilləri mühüm rol oynayır.
Politoloq qeyd edib ki, Rusiya bu kimi rədd cavablarından sonra Afrika strategiyasını dəyişməyə məcbur qalacaq. Onun sözlərinə görə, Moskva illərdir hərbi-siyasi təmaslarla bölgədə nüfuz qazanmağa çalışır, lakin iqtisadi və texnoloji əməkdaşlıq sahəsində effektiv model formalaşdıra bilməyib. Müsahibimizə görə, rədd cavabları göstərir ki, Afrika yalnız silah və hərbi təlimlə maraqlanmır, etibarlı texnologiya və real investisiya istəyir. Rusiya isə bu sahədə Qərblə rəqabət aparmaq üçün çevik mexanizmlər qurmalıdır.
Z.Qarayeva hesab edir ki, əməkdaşlıq baş tutsaydı, Rusiya üçün böyük uğur olardı:
“Bu, onun Afrika bazarına texniki-infrastruktur sahəsində ilk real girişlərindən biri ola bilərdi. Efiopiya da təyyarə parkını diversifikasiya edə bilərdi. Amma bunun mənfi tərəfləri də var idi - məsələn, Qərb tərəfindən sanksiya riski, texniki xidmətin dayanıqlılığı ilə bağlı suallar və reputasiya zədəsi”.
Züriyə Qarayeva: Qərb Afrikada “Rusiya ilə yaxınlaşma xətti”ni təqib edənlərə qarşı təsir vasitələrindən istifadə edir
Həmsöhbətimiz vurğulayıb ki, Afrika ölkələrinin Rusiyadan çəkinməsinin arxasında Qərblə münasibətlər dayanması birmənalıdır. Dediyinə görə, Afrika ölkələrinin əksəriyyəti Qərb kreditləri, inkişaf yardımları və texniki proqramlardan asılıdır:
“Belə olan halda onlar Rusiya ilə dərin əməkdaşlığa gedərkən siyasi və iqtisadi riskləri nəzərə alır. Eyni zamanda, Qərb ölkələri Afrikada “Rusiya ilə yaxınlaşma xətti”ni təqib edənlərə qarşı təsir vasitələrindən istifadə edir. Ona görə də ölkələr maksimum ehtiyatlı davranırlar”.
Qarayeva bildirib ki, bu vəziyyətun Rusiyanın Afrika siyasətinə verdiyi açıq mesaj budur: hərbi və təhlükəsizlik sahələrindən kənara çıxmaq istəyirsənsə, etibarlı, şəffaf və uzunmüddətli iqtisadi əməkdaşlıq modeli təqdim etməlisən. Afrika artıq “retorika və simvolik jestlərlə” razılaşmır. Yalnız real dəyər təklif edən tərəflərlə işləməyə maraq göstərir.
Zülfü Məmmədov