• Bakı C

    0.51 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Afrikada sabitlik niyə mümkünsüzdür? - ŞƏRH

SİYASƏT

05 Fevral 2026 | 09:31

Afrikada sabitlik niyə mümkünsüzdür? - ŞƏRH

Afrika qitəsində son illər müşahidə olunan hərbi çevrilişlər və keçid hökumətlərinin formalaşdırılması regionda siyasi mənzərəni daha da mürəkkəbləşdirib. Qitənin müxtəlif bölgələrində hərbi xuntaların hakimiyyəti ələ keçirməsi beynəlxalq güclər arasında maraq toqquşmasını gücləndirir və xarici aktorların proseslərə müdaxilə imkanlarını artırır.

Afrikada artan xarici müdaxilələr siyasi sabitləşməni sürətləndirəcək, yoxsa əksinə, mövcud qeyri-sabitliyi daha da dərinləşdirəcək?

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, tarix boyu Afrika qitəsi böyük güclərin maraq dairəsində olub. Hələ Sovet dövründə də bu proses açıq şəkildə müşahidə edilirdi. Afrika həm ABŞ-nin, Böyük Britaniyanın, Fransanın, eyni zamanda vaxtilə Sovet İttifaqının maraqlarının toqquşduğu əsas regionlardan biri olub.

Politoloqun sözlərinə görə, qitədə yerləşən ayrı-ayrı dövlətlərin zəngin təbii sərvətləri daim xarici güclər tərəfindən mənimsənilib və bu amil Afrikadakı siyasi proseslərə birbaşa təsir göstərib. Bu proses bu gün də davam edir. Qlobal güclər müxtəlif Afrika dövlətlərini öz maraq dairələrində saxlayır və onları himayə edirlər:

"Hazırda ABŞ, Avropanın bir sıra ölkələri və Rusiya Afrikada gedən proseslərdə maraqlıdır. Qitədə siyasi mübarizə aparılır, ayrı-ayrı dövlətlərin maraqlarını uzlaşdırmaq adı altında güc nümayiş etdirilir. Bəzi hallarda tayfalar və müxtəlif qruplaşmalar silahlandırılır, maliyyələşdirilir və bu yolla regionda təsir dairələri genişləndirilir".

Azad Məsiyev: Dünya siyasətində supergüclər arasında açıq və gizli savaş gedir

Azad Məsiyev bildirir ki, bu proses illərdir davam edir və yalnız Afrika ilə məhdudlaşmır. Qlobal güclər arasında mübarizə bütün regionları əhatə edən genişmiqyaslı siyasi qarşıdurmanın tərkib hissəsidir. Dünya siyasətində supergüclər arasında açıq və gizli savaş gedir:

"ABŞ-nin strategiyasına əsasən, dünya siyasətində birqütblü sistemin qorunması hədəflənir və bu siyasətə qarşı çıxanlara güc nümayiş etdirilir. Bu yanaşma Afrika qitəsində də özünü açıq şəkildə göstərir.

Afrikada qlobal güclərin maraqları toqquşur və bu maraqlar üzərindən aparılan güc siyasəti danılmazdır. Sovet dövründə olduğu kimi, bu gün də Rusiyanın nüfuz dairəsində olan bölgələr müxtəlif kanallar vasitəsilə dəstəklənir. Eyni zamanda Fransa, Böyük Britaniya və ABŞ-nin da Afrikada təsir dairəsinə daxil olan dövlətlər mövcuddur".

Müsahibimiz qeyd edir ki, bütün bunlar qitədə sabitliyin yaranmasına mane olur. Ayrı-ayrı qruplaşmaların silahlandırılması və himayə edilməsi nəticəsində xaos formalaşır və bu xaosdan böyük güclər öz maraqlarını həyata keçirmək üçün istifadə edirlər.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

04 Fevral 2026