Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 1-də davam etdirilib.
Bakıvaxtı.az xəbər evrir ki, zərərçəkmiş Qaradağlı sakini Vidadi Hüseynov hadisələrin 1988-ci ildən başladığını, mütəmadi olaraq azərbaycanlılara hücumların edildiyini diqqətə çatdırıb. Bildirib ki azərbaycanlılar qətlə yetirilirdi. “Avtobuslara hücum edib mülki insanları atəşə tuturdular. Dinc sakinləri diri-diri yandırıb mal-qarasını talayırdılar. Azərbaycanlıları ağaca bağlayıb güllələyirdilər”, - deyə o əlavə edib.
Onun sözlərinə görə 1992-ci ilin fevralında Qaradağlıya dörd tərəfdən hücum olub. Zərərçəkmiş şəxs deyib ki, hücum zamanı kənddə 118 mülki azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar, qocalar olub. Həmin mülki əhaliyə qarşı 400-500 silahlı erməni hücum edib. Hücum edənlərin bir hissəsi Ermənistandan gələn döyüşçülər, bir hissəsi muzdlular olub. Fevralın 17-də kənd işğal edilib.
Zərərçəkmiş şəxs İlqar Hüseynov işğal zamanı girov götürüləndən sonra yük maşınları ilə aparıldıqlarını, “Bəylik bağı” adlanan yerdə 33 nəfərin güllələndiyini bildirərək deyib: Həmin yerdə saxladılar, orada 33 nəfəri güllələdilər. Qalan insanları, o cümlədən məni Xankəndi istiqamətində apardılar”.
O, Xankəndidə saxlanıldığı vaxt işgəncələr gördüyünü, 45 gün sonra erməni əsirlə dəyişdirildiyini bildirib.
Zərərçəkmiş şəxs Əmiraslan Quliyev 1992-ci il fevralın 17-də erməni hərbçilərinin Qaradağlıya dörd tərəfdən hücum etdiyini bildirib. Zərərçəkmiş şəxsin sözlərinə görə, girov götürülən azərbaycanlıların 30-dan çoxunu maşından düşürüb güllələyiblər. Meyitləri yaxınlıqdakı quyuya atıblar. Yolda bir neçə dəfə maşınları saxlayaraq əsirlərin bəzilərini güllələyiblər. Digərlərini Xankəndiyə aparıb, orada onlara işgəncələr veriblər.
Zərərçəkmiş Baxşeyş Hüseynov bildirib ki, 1992-ci ilin fevralında kənd işğal olunanda onu girov götürüblər: “Məni digər əsir və girovlarla bərabər Xankəndiyə apardılar. Orada bizə hər gün işgəncələr veriblər. Bədənimizi bizlə deşiblər”. Zərərçəkmiş şəxs 56 gün girovluqda qaldığını qeyd edib.
Zərərçəkmiş Şamxal Şirinov da 1991-1992-ci illərdə Qaradağlının mütəmadi şəkildə atəşə tutulduğunu, kənd sakinlərinə hücumlar olunduğunu, azərbaycanlıların qətlə yetirildiyini, əmlaklarının talan edildiyini deyib. O bildirib ki, kənd həmin vaxt faktiki mühasirədə olub, onun digər ərazilərlə bütün əlaqələri kəsilib, nəticədə ciddi şəkildə ərzaq çatışmazlığı yaranıb. Kənd işğal olunanda onu da girov götürüblər. Onunla bərabər girov götürülənlərin bir qismi güllələnib. Zərərçəkmiş şəxs deyib ki, girov saxlandığı zaman ona dəhşətli işgəncələr verilib, dişlərini çəkib çıxarıblar, döyüb, bədəninə çoxsaylı xəsarətlər yetiriblər.