Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan “Medera” hospitalın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə davam etdirilib.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Prosesdə Binəqədi rayon Mənzil-Kommunal İstismar Sahəsinin işçisi Validə Cabbarova, “Medera Hospital”da xəzinədar vəzifəsində çalışan Güldəstə Aşurlu və xadimə Xuraman Abbasova dindirilib.
Təqsirləndirilən Ağadadaş Ağayevin vəkili hər üç şahidin məhkəmədəki ifadələri ilə ibtidai istintaqa verdikləri ifadələr arasında ziddiyyət olduğunu bildirib.
Daha sonra cinayət işi üzrə şahidlərin dindirilməsi başa çatıb.
Prosesdə zərərçəkən səhhəti ilə əlaqədar Ağadadaş Ağayev məhkıməyə müraciət edib və iştirak etməyib.
Növbəti prosesdə sənədlərin tədqiqi mərhələsi başlayacaq.
Proses fevralın 6-da davam etdiriləcək.
***
13:28
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə son iki şahid ifadə verib.
Şahid Xuraman Abbasova bildirib ki, "Medera" hospitalda xadimə işləyir. Onun sözlərinə görə, hadisə baş verən gün işdə olub.
"Ağadadaş Ağayev nalayiq ifadələr işlədə-işlədə xəstəxanaya yaxınlaşırdı. Baltanın atmağının da şahidi oldum. Ağadadaş müəllim bayırdan baltanı atdı, Nəzakət xanıma dəydi. Həmin vaxt Nəzakət xanım biraz içəridə dayanmışdı".
Ağadadaş Ağayevin vəkili Asim Abbasov şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyət olduğunu bildirib.
Şahidin ifadəsi Ağadadaş Ağayevi də hiddətləndirib. Belə ki, xalq artisti ona bir neçə sual ünvanlayıb: "Siz deyirsiz balta birbaşa Nəzakət xanıma dəyib, amma yalan danışırsız. Əlimizdə videogörüntülər var, oradan məlumdur ki, balta birbaşa Nəzakət xanıma dəyməyib. Hüquq-mühafizə orqanları sizin ifadənizi araşdıracaq. Yalan danışdığınıza görə məsuliyyət daşıyırsız".
Prosesdə şahid qismində ifadə verən "Medera" hospitalın xəzinədarı Güldəstə Aşurlunun sözlərinə görə, həmin gün işə gələrkən Ağadadaş Ağayevin balta ilə arxasıyca gəldiyinin şahidi olub:
"İçəri daxil olanda bir nəfərin nalayiq ifadələr işlədə-işlədə Nurəddinə yaxınlaşdığını gördüm, Ağadadaş Ağayev olduğunu bilmirdim. Onlar həm qarşılıqlı dava edir, həm də söyüş söyürdülər. Ağadadaş Ağayev baltanı atanda Nəzakət xanıma dəydi. Sonra Nurəddinin üzünün qanlı olduğunun və təcili yardıma yaxınlaşdığının şahidi oldum. Həmin vaxt panika içində idik, özümüzü müdafiə etmək üçün hadisə yerindən kənar dururduq. Ona görə də, hadisə tam yadımda qalmayıb".
Təqsirləndirilən şəxsin vəkili Asim Abbasov bu şahidin də ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətli məqamların olduğunu deyib. Şahid Güldəstə Aşurlu bunu hadisədən keçən müddətlə əlaqəndirib. O deyib ki, bir neçə ay keçdiyi üçün təfərrüatlar tam yadında qalmayıb.
Bununla da Xalq artistinin cinayət işi üzrə şahid ifadələri yekunlaşıb. Belə ki, növbəti prosesdə sənədlər tədqiq olunacaq. Ağadadaş Ağayev barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclaslarda yekunlaşacağı da gözlənilir.
Məhkəmənin növbəti iclası yanvarın 30-da keçiriləcək.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı tərəflər barışıblar. Həmçinin Ağadadaş Ağayevin "MedEra" hospitala, eləcə də hospitalın xalq artistinə qarşı qaldırdığı mülki iddiaya da xitam verilib.
Lakin həm Ağadadaş Ağayevin, həm də Nurəddin Cəlilovun barəsində açılan cinayət işləri üzrə məhkəmə prosesləri davam edir.
Xatırladaq ki, hadisə ötən ilin iyul ayında baş verib.
Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.
Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.
Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.