• Bakı 25° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Ailə dəyərləri və sülh naminə: Xankəndidən dünyaya liderlik mesajı

SİYASƏT

22 Iyul 2025 | 15:11

Ailə dəyərləri və sülh naminə: Xankəndidən dünyaya liderlik mesajı

2025-ci il iyulun 19-da Xankəndidə keçirilən “Şuşa Qlobal Media Forumu” bir daha göstərdi ki, Azərbaycan yalnız regional təhlükəsizlik məsələlərində deyil, həm də qlobal əxlaqi və insani dəyərlər müstəvisində söz sahibi olan dövlətdir. Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər bu baxımdan beynəlxalq media məkanında xüsusi maraqla qarşılandı. O, təkcə münaqişələrin həlli və sülh gündəliyinin önə çəkilməsi ilə kifayətlənməyərək, ailə institutunun qorunması və ümumbəşəri dəyərlərin müdafiəsinə dair ciddi çağırışlar da səsləndirdi.

Bu çağırışlara ABŞ Prezidenti Donald Trampın şəxsi dəstəyini ifadə etməsi isə əslində dünyada yeni bir liderlik modelinin – insanı, ailəni və dəyərləri əsas götürən siyasi yanaşmanın formalaşmaqda olduğuna işarədir. Belə bir dövrdə Azərbaycanın bu modeli təşviq edən öncül ölkələrdən biri kimi çıxış etməsi təsadüfi deyil.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da Bakıvaxtı.az-a verdiyi  açıqlamada bu məsələyə xüsusi diqqət çəkib və hər iki liderin mövqeyini yüksək qiymətləndirib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın bu çıxışdan paylaşım etməsi əslində Azərbaycan Prezidentinin dünya miqyasında güclü dəstəyə malik mövqeyinin təsdiqidir.

“Prezident İlham Əliyev çıxışında müharibələrin qarşısının alınması, sülhün qorunması və ailə dəyərlərinin müdafiəsi mövzusunda çox cəsarətli və strateji baxış ortaya qoydu. Bu, sadəcə siyasi bəyanat deyil, bəşəri və əxlaqi çağırışdır”.

Komitə sədri qeyd edib ki, bu mövqelər ABŞ Prezidenti Donald Trampın da illərdir səsləndirdiyi ideyalarla üst-üstə düşür:

“Bu fikirlər Donald Trampın da illərdir müdafiə etdiyi əsas prinsiplərlə tam uyğunluq təşkil edir. Tramp hər iki prezidentliyi dövründəki çıxışlarında daim güclü ailə modelinin qorunmasının lehinə və silahlı qarşıdurmaların əleyhinə çıxış edib, beynəlxalq balansın sülh yolu ilə əldə edilməsinin tərəfdarı olub.".

Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Bahar Muradova əlavə edib ki, müasir dövrdə informasiya texnologiyalarının və süni intellektin inkişaf etdiyi bir vaxtda liderlik anlayışı da yenidən tərif olunmalıdır:

“Dünya dəyişir, amma dəyişməyən və dəyişməməli olan bir şey var – bu da ailə, sülh və insan dəyərlərinə söykənən siyasətdir. Prezident İlham Əliyev və Prezident Donald Tramp bu yeni dəyərlər yönümlü liderlik modelini formalaşdıran simalardır".

Muradova hesab edir ki, Azərbaycanın işğaldan əziyyət çəkmiş bir ölkə kimi müharibəni öz gücü ilə dayandırması və sülh gündəliyini irəli sürməsi, ailə və mənəvi dəyərlərin prioritet elan edilməsi fonunda əsl qlobal nümunəyə çevrilib.

“Bu həmrəylik sadəcə diplomatik jest deyil. Bu, liderlərin insanı mərkəzə alan çağırışlarının, ailə institutunu bərpa və gücləndirmə təşəbbüslərinin və informasiya müharibəsinə qarşı ortaq mövqelərinin ifadəsidir”, – deyə Komitə sədri vurğulayıb.

Sonda Bahar Muradova hər iki dövlət başçısına təşəkkürünü ifadə edib:

“Son iki gün ərzində müharibələrin dayandırılması, ailə institutunun möhkəmləndirilməsi və ümumi bəşəri dəyərlərin müdafiəsi istiqamətində göstərdikləri mövqe və verdikləri mesajlara görə hər iki Prezidentə – cənab İlham Əliyevə və cənab Donald Trampa dərin təşəkkürümü bildirirəm. Bu çağırışlar cəmiyyətin hər bir təbəqəsinə, xüsusilə də qadınlara və uşaqlara yönələn təhlükələrin qarşısının alınmasında mühüm rol oynayacaq".

Əli Hüseynov


SON XƏBƏRLƏR