• Bakı 27° C

    18.23 m/s

Anklav kəndlərin taleyi: Sülh prosesinin açarı, yoxsa...

SİYASƏT

21 Avqust 2025 | 14:02

Anklav kəndlərin taleyi: Sülh prosesinin açarı, yoxsa...

Cənubi Qafqazda sülh gündəliyinin əsas mövzularından biri olan anklav kəndlərin taleyi ətrafında müzakirələr son günlər yenidən intensivləşib. Söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olan, lakin 1990-cı illərin əvvəllərindən Ermənistanın nəzarətində qalan Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərindən gedir.

İrəvandan yayılan məlumatlarda iddia olunur ki, Ermənistan hökuməti bu əraziləri Azərbaycana təhvil verməyə hazırlaşır.

Bu xəbər həm Ermənistan ictimai-siyasi dairələrində, həm də regionda maraq doğurub. Ermənistanda müxalif qüvvələr bu addımı ölkənin sərhəd təhlükəsizliyi və kommunikasiya yollarına nəzarət baxımından riskli sayır, hətta bəzi siyasi dairələr bunu İranla əlaqələrin zəifləməsi kimi təqdim etməyə çalışır. Digər tərəfdən, mövcud beynəlxalq hüquq normalarına əsaslanan yanaşmaya görə, sözügedən kəndlər Azərbaycanın suveren əraziləridir və onların qaytarılması regionda uzunmüddətli sülh prosesinin mühüm şərtlərindən biri hesab olunur.

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran hərbi ekspert Ramil Məmmədli bildirib ki, ümumiyyətlə, sözügedən anklav kəndlər nə İran, nə də Ermənistan sərhədinə yaxın ərazilərdə yerləşir. Onlar Azərbaycanın Qazax istiqamətində, həmçinin Ermənistanın Ararat vilayəti adlandırdığı, əslində isə Naxçıvan Muxtar Respublikasının inzibati ərazisinə aid torpaqlarda yerləşən yaşayış məntəqələridir. Bu səbəbdən həmin ərazilərin Azərbaycana qaytarılması Ermənistanın sərhəd təhlükəsizliyi baxımından heç bir problem yaratmır:

"Bu yaşayış məntəqələri tarixi və hüquqi baxımdan Azərbaycan əraziləridir və hal-hazırda Ermənistanın nəzarətindədir. Onların geri qaytarılması isə fundamental sülhün bünövrəsini qoyacaq addımlardan biri hesab olunur. Azərbaycan Ermənistanın ərazisinə hər hansı bir iddia irəli sürmür və bu baxımdan narahatlıq yaratmaq doğru deyil".

Ramil Məmmədli: Bu yaşayış məntəqələri tarixi və hüquqi baxımdan Azərbaycan əraziləridir

Onun sözlərinə görə, Ermənistanın İranla əlaqələrinə gəlincə, görünən odur ki, son vaxtlar bu münasibətlər hərbi-strateji müstəvidən daha çox iqtisadi və qonşuluq çərçivəsinə keçib. Ermənistan hazırda hərbi-siyasi baxımdan Qərblə daha sıx əməkdaşlıq edir və münasibətlər də məhz bu kontekstdə formalaşır. Ona görə də Ermənistanla İran arasında hansısa hərbi-strateji tərəfdaşlıqdan danışmaq reallığı əks etdirmir:

"Doğrudur, yaxın vaxtlarda Ermənistanla İran arasında birgə hərbi təlim, eləcə də Azərbaycan və İran orduları arasında müəyyən qoşun növləri üzrə birgə təlimlər keçirilib. Amma bu, nə Ermənistan-İran, nə də Azərbaycan-İran arasında hərbi-strateji ittifaqın mövcudluğunu göstərir. Hər iki ölkənin real hərbi-strateji tərəfdaşlarının kim olduğu, hansı dövlətlərlə bu əməkdaşlığın davam etdiyi isə hamıya məlumdur".

Əli Hüseynov


SON XƏBƏRLƏR