• Bakı 27° C

    18.23 m/s

Belarusun Ermənistan üzərindən İran və Fars körfəzinə çıxış planı

SİYASƏT

21 Avqust 2025 | 13:12

Belarusun Ermənistan üzərindən İran və Fars körfəzinə çıxış planı

Belarusun son dövrlərdə Ermənistan vasitəsilə İran və Fars körfəzinə çıxış imkanlarını araşdırması region üçün yeni geosiyasi reallıqlar yarada bilər. Qərbin sərt sanksiyaları altında iqtisadi manevr imkanlarını məhdud hiss edən Minsk üçün alternativ marşrutların axtarışı həyati əhəmiyyət kəsb edir.

Ermənistan-İran xətti Belarus üçün həm tranzit, həm də enerji əməkdaşlığı baxımından yeni bir pəncərə rolunu oynaya bilər.

Digər tərəfdən, bu təşəbbüsün regiondakı mövcud güc balanslarına, xüsusilə Azərbaycanın həyata keçirdiyi tranzit siyasətinə - o cümlədən Zəngəzur dəhlizi ideyasına - necə təsir göstərəcəyi xüsusi maraq doğurur. Cənubi Qafqazda tranzit yolları üzərində geosiyasi rəqabətin getdikcə kəskinləşdiyi bir vaxtda Belarusun maraqları həm imkanlar, həm də risklər yaradır.

Belarusun Ermənistan üzərindən İran və Fars körfəzinə çıxış axtarışlarının əsas səbəbləri nədir? Bu proses Azərbaycanın regional tranzit təşəbbüslərinə, xüsusilə də Zəngəzur dəhlizinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Belarus uzun müddətdir Qərb sanksiyaları ilə üz-üzədir. Bu səbəbdən Minsk yeni iqtisadi nəfəs yolları axtarır. Onun fikrincə,  Ermənistan-İran xətti Belarus üçün alternativ ticarət və enerji marşrutu rolunu oynaya bilər:

“Həmçinin bu addım Belarusun Avrasiya İttifaqı çərçivəsində mövqelərini gücləndirmək niyyəti ilə bağlıdır”.

Politoloq qeyd edib ki, bu marşrut regionda yeni güc balansları formalaşdıra bilər. Belə ki, əvvəla, Ermənistan öz izolyasiyasını zəiflətmək və tranzit ölkə statusunu möhkəmləndirmək imkanı qazanır. İran isə bu əməkdaşlıq vasitəsilə sanksiyaları qismən neytrallaşdırmağa çalışacaq. Rusiya da bu prosesdən faydalanır, çünki Moskva üçün Qərbə alternativ iqtisadi əlaqələrin genişlənməsi strateji əhəmiyyət kəsb edir. Nəticədə Avrasiya məkanında yeni iqtisadi-siyasi bloklaşmaların şahidi ola bilərik.

Züriyə Qarayeva: Ermənistan üzərindən Belarus-İran marşrutu daha çox siyasi layihə xarakteri daşıyır

Prosesin Azərbaycanın regional tranzit təşəbbüslərinə, xüsusilə də Zəngəzur dəhlizinə göstərəcəyi təsirdən də danışan müsahibimiz bildirib ki, Ermənistan Belarus və İranla yaxınlaşaraq Azərbaycanın Zəngəzur dəhlizi təşəbbüsünə alternativlər yaratmağa çalışa bilər. Dediyinə görə, bu, Bakının strateji planları üçün müəyyən risklər formalaşdırır:

“Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanın Türkiyə və Orta Asiya ilə güclü logistika xətləri mövcuddur. Ona görə də rəqabət artsa da, Azərbaycanın regional tranzit mərkəzi kimi mövqeyi zəifləməyəcək”.

Z.Qarayeva deyib ki, Bakı çoxşaxəli əməkdaşlıq siyasəti aparır. Enerji layihələri, Bakı-Tbilisi-Qars dəmiryolu, Orta Dəhliz kimi təşəbbüslər Azərbaycanın əlini gücləndirir. Ermənistan üzərindən Belarus-İran marşrutu daha çox siyasi layihə xarakteri daşıyır, amma Azərbaycanın xətləri real işlək infrastruktur üzərində qurulub. Bu, Bakıya uzunmüddətli üstünlük verir.

“Gözlənilir ki, tranzit yolları üzərində rəqabət daha da sərtləşəcək. Belarusun İran istiqamətində marağı, Ermənistanın yeni tərəfdaşlıq cəhdləri və Azərbaycanın strateji dəhliz layihələri regionu qlobal güclərin diqqətində saxlayacaq. Bu isə həm riskləri, həm də diplomatik imkanları artıracaq”, - deyə Süriyə Qarayeva fikrini tamamlayıb.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

20 Avqust 2025