• Bakı 27° C

    19.52 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

Mingəçevirdə içməli su və kanalizasiya şəbəkəsi yenidən qurulur – VİDEOREPORTAJ

CƏMİYYƏT

21 Avqust 2025 | 11:44

Mingəçevirdə içməli su və kanalizasiya şəbəkəsi yenidən qurulur – VİDEOREPORTAJ

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Mingəçevir şəhərində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı, kanalizasiya şəbəkəsinin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Layihəni Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həyata keçirir.

Bakıvaxtı.az-ın məlumatına görə, Xidmətin mətbuat katibi Ceyhun Musaoğlu açıqlamasında bildirib ki, Mingəçevir şəhər Sukanal İdarəsi hazırda 33 min 576 abonentə xidmət göstərir. Onun sözlərinə görə, xidmət sahəsinə içməli suyun paylanması, tullantı sularının sutəmizləyici qurğulara ötürülməsi, yağış sularının idarə olunması, həmçinin qanunsuz qoşulmalarla mübarizə daxildir:

“Texniki şərtlərə əsasən yeni abonent qoşulmaları həyata keçirilir, xətlər yenilənir, qəza halları aradan qaldırılır. Hazırda sayğaclaşma səviyyəsi 97 faizdir”.

Məhsuldarlığı sutkada 55 min kubmetr olan sutəmizləyici qurğu və 10 min kubmetrlik mərkəzi su anbarı istifadəyə verilib. Hazırda gün ərzində saatda 2500 kubmetr su təmizlənərək abonentlərə ötürülür. Suyun keyfiyyətinə nəzarət məqsədilə kompleksdə laboratoriya da fəaliyyət göstərir.

Mingəçevir şəhərində içməli su şəbəkəsinin uzunluğu 340 kilometr, kanalizasiya şəbəkəsinin uzunluğu isə 316,6 kilometrdir. Dövlət Proqramı çərçivəsində 210 kilometr yeni xətt çəkilib, 3 kanalizasiya stansiyası inşa olunub. Layihə üzrə Xaldan şossesinin yaxınlığında sutkalıq gücü 65 min kubmetr olan yeni Çirkab Sutəmizləyici Qurğunun tikintisi nəzərdə tutulur.

Sukanal İdarəsinin məlumatına görə, şəhərdə hazırda su itkilərinin qarşısı əsas problemlərdən biridir. Cari ilin nəticələrinə görə su itkisi 54,5 faiz təşkil edir. Son üç ayda ikili xətlərdən istifadə ilə bağlı 94 cərimə aktı tərtib olunub. Eyni zamanda 273 ictimai bulaq fasiləsiz su ilə təmin edilir.

Ceyhun Musaoğlu qeyd edib ki, abonentlərin debitor borclarının azaldılması istiqamətində də reydlər keçirilir:

“Su borcu çox olan abonentlərin təminatı dayandırılır, ödəniş edildikdən sonra isə bərpa olunur. Əhali arasında suyun qənaətlə istifadəsi və vaxtında ödənişlərlə bağlı maarifləndirmə işləri aparılır”.

Mətbuat katibi xüsusilə yay aylarında su itkisinin qarşısının alınmasının vacibliyinə diqqət çəkib:

“Çox təəssüf ki, şəhərdə qeyri-qanuni qoşulmalar da var. Hər kəsi suyumuzun qədrini bilməyə, gələcək nəsillər üçün qorumağa çağırırıq”.

 


SON XƏBƏRLƏR

20 Avqust 2025