• Bakı 27° C

    19.52 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

Yayda dönər təhlükəsi: Zəhərlənməmək üçün nə etməli?

CƏMİYYƏT

21 Avqust 2025 | 11:40

Yayda dönər təhlükəsi: Zəhərlənməmək üçün nə etməli?

Xəbər verdiyimiz kimi, ŞəmkirdəTovuzda dönərdən kütləvi zəhərlənmə halları olub.

Baş verən bu hadisələr dönərlə bağlı narahatlıqları bir daha gündəmə gətirir.

Bəs, dönərdən zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır?

Mövzu iə bağlı Bakıvaxtı.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, yay aylarında qida zəhərlənmələrinin əsas səbəblərindən biri məhz dönər, kabab, salat kimi tez xarab olan qidalar olur.

F.Səfərov qeyd edib ki, 30°C və yuxarı olan isti hava şəraiti bakteriyaların, xüsusilə Salmonella və E.coli kimi mikroorqanizmlərin sürətlə çoxalmasına gətirib çıxarır:

“Bu isə ət, sous və tərəvəz kimi qidaların otaq temperaturunda qalması zamanı təhlükəni daha da artırır”.

Ekspert vurğulayıb ki, dönərdə istifadə olunan ətin keyfiyyəti və onun necə saxlanılması çox önəmlidir. Müsahibimiz nəzərə çatdırıb ki, əgər donmuş ət bir neçə dəfə əridilib-dondurularsa, mikrobların artması qaçılmazdır.

Qida eksperti onu da deyib ki, mayonez, qatıq və sarımsaq əsaslı souslar isti havada tez xarab olur və çox vaxt günlərlə eyni qabda saxlanılır.

Bundan başqa, müsahibimiz küçə dönərxanalarının bir çoxunda soyuducu və gigiyena qaydalarına riayət olunmadığını diqqətə çatdırıb.

F.Səfərov qeyd edib ki, dönər alarkən məkanın tanınmış və təmiz olmasına diqqət edilməli, müştəri axını çox olan yerlərdən seçim etmək məqsədəuyğundur. Həmsöhbətimiz küçənin kənarında, toz və duman içində satılan yeməklərin təhlükəli olduğunu vurğulayıb.

Dediyinə görə, ət tam bişmiş olmalıdır, çiy və ya yarıbişmiş ət qida zəhərlənməsinə səbəb ola bilər:

“Souslar, salatlar və içkilər soyuducuda saxlanmalıdır. Açıq havada uzun müddət qalmış məhsullar təhlükəlidir. Mayonezli və qatıq əsaslı souslardan yay aylarında mümkün qədər uzaq durmaq lazımdır. Ətin və digər məhsulların qoxusu və dadı da yoxlanmalıdır. Əgər fərqli, xoşagəlməz qoxu və dad hiss olunursa, həmin qidanı yemək olmaz. Satıcının da şəxsi gigiyenasına diqqət edilməlidir. Əlcək, önlük və təmiz avadanlıqların olması vacibdir. Əgər gigiyenaya əməl olunmursa, oradan yemək almaq təhlükəlidir”.

Fərid Səfərov: Mayonezli və qatıq əsaslı souslardan yay aylarında mümkün qədər uzaq durmaq lazımdır

Qida eksperti yeməklərin günorta saatlarında təzə hazırlandığı vaxtlarda alınması daha münasib olduğunu söyləyib. Onun sözlərinə görə, axşama və ya ertəsi günə saxlanılmış qidalar risk daşıyır.

Fərid Səfərov eyni zamanda deyib ki, qidanın gigiyenik qablaşdırmada təqdim olunmasına fikir verilməlidir. Çirkli səthlə təmas ehtimalı yüksək olan qablaşdırmalar sağlamlıq üçün təhlükəlidir:

O, yeməkdən əvvəl və sonra əllərin yuyulmasının da şəxsi gigiyenanın vacib hissəsi olduğunu diqqətə çatıdıb.

“Yay aylarında, xüsusilə iyul və avqustda dönər, kabab və souslu yeməklər əvəzinə evdə hazırlanmış, təzə bişmiş yeməklərə üstünlük vermək daha doğrudur. Eyni zamanda restoran və dönərxanaların da qida təhlükəsizliyi qaydalarına ciddi şəkildə əməl etməsi vacibdir”,- deyə Fərid Səfərov qeyd edib.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən isə bildirilib ki, ilk növbədə dönər üçün istifadə olunan ət mütləq baytarlıq-sanitariya ekspertizasından keçirilməlidir. Dondurulmuş çiy dönərin donunun açıldığı andan bişirilməyə başlanmasına qədər olan müddət ərzində məhsulun saxlanması və daşınması +1°C ilə +4°C temperatur intervalında həyata keçirilməli və bu müddət ümumilikdə 8 saatdan artıq olmamalıdır.

Qeyd olunub ki, qida məhsullarının hazırlanması, saxlanması və təqdimatı zamanı sanitar-gigiyenik normalara riayət edilməli, xüsusilə temperatur rejiminin qorunması təmin olunmalıdır. Qida bloku təmiz saxlanmalı, avadanlıqlar mütəmadi olaraq yuyulmalı və dezinfeksiya edilməlidir. Çarpaz çirklənmənin qarşısı alınmalıdır:

"Bunun üçün çiy və bişmiş məhsulların hazırlanma sahələri ayrılmalı, istifadə olunan alətlər və iş səthləri fərqləndirilməlidir".

İşçi heyətin mütəmadi tibbi müayinələrdən keçməsi və şəxsi gigiyena qaydalarına əməl etməsinin təmin edilməsinin vacibliyi vurğuıanıb.

Nəzərə çatdırılıb ki, satış zamanı bişmiş dönərin temperaturu 65°С-dən aşağı olmamalıdır. Dönərlə birlikdə təqdim olunan sousların, mayonezin və tərəvəzlərin saxlanma rejiminə ciddi nəzarət edilməlidir. Çiy dönər bişirilməyə başlandığı andan etibarən 12 saat ərzində istifadə edilməlidir.

AQTA istehlakçılara da müraciət edərək dönər alarkən satış şəraitinə, məhsulun hazırlanma qaydasına və ümumi sanitar vəziyyətə diqqət etməyi tövsiyə edib:

"Dönər hazırlayan şəxslər mütləq şəkildə birdəfəlik əlcək, qoruyucu geyim və baş örtüyündən istifadə etməli, həmçinin çarpaz çirklənmənin qarşısının alınması üçün həmin əlcəklə pul, ödəniş kartı, kassa aparatı, post terminalı və digər bu kimi əşyalara toxunmasına yol verilməməlidir. Dönər məhsulu hazırlandığı andan etibarən 1 saat ərzində istehlak edilməlidir.

İstehlakçılar ictimai iaşə obyektlərində bu məqamlara xüsusi diqqət yetirməli, hər hansı uyğunsuzluq və ya gigiyenik norma pozuntusu aşkar etdikdə, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verməlidirlər.

Eyni zamanda, Agentlik tərəfindən hazırlanmış məlumatlandırıcı posterlər bütün dönər istehsalı və satışı ilə məşğul olan ictimai iaşə müəssisələrində istehlakçıların asan görəcəyi yerlərdə yerləşdirilməlidir. Qaydalara əməl olunmaması istehlakçı sağlamlığı üçün ciddi risklər yarada bilər".

Mina Mikayılova

 ​​​​​​​


SON XƏBƏRLƏR

20 Avqust 2025