Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Nizami Alışanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, prosesdə keçmiş Nəqliyyat və Rabitə Nazirliyinin mütəxəssisi məhkəməni və tərəfləri maraqlandıran sualları cavablandırıb.
Ötən proseslərdən birində müttəhim Nizami Alışan İnvestaz.com saytında profilinin olduğunu bildirib, əlavə edib ki, Yeni Zelandiyada ünvanı olan şirkətə məxsus saytdakı profili bloklanıb.
Hakim mütəxəssisdən profilin blokdan çıxarılmasının mümkünlüyü barədə soruşub. Mütəxəssis deyib ki, profil admin tərəfindən bloklansa, onun bərpası mümkün olmayacaq:
"Amma domenin qeydiyyatını müəyyən etməklə, məhkəmə qərarı ilə müəyyən tədbirlər görmək olar. Bu şirkətin admininin Azərbaycanda da olması mümkündür”.
Hakim mobil operatora ünvanlanan sorğunun cavabını elan edib.
Sorğuda Nizami Alışanın 9 aprel 2024-cü ildə harada olması ilə bağlı anten məlumatları yer alıb.
Müttəhimin vəkili Samir İsayev vəsatət verərək İnvestaz-ın idarə heyətinin üzvü Ceyhun İbrahimovun əlavə şahid qismində dindirilməsini istəyib. Nizami Alışan vəsatəti müdafiə edib, bildirib ki, Ceyhun İbrahimovu 20 ilə yaxındır tanıyır. Onun sözlərinə görə, həm Ceyhun, həm də Rövşənlə əlaqəsi olub:
"Mənim kuratorum Rövşən müəllim idi. Pulların Yeni Zelandiyaya göndərilməsindən onların xəbəri var. Ceyhun müəllim İnvest.az vasitəsi ilə pulların göndərilməsini təsdiqləyə bilər”.
Məhkəmə vəsatəti təmin edib.
İttihama görə, Nizami Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə - dələduzluq edərək ələ keçirib.
Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir. Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb.
Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Nizami Akif oğlu Alışan cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Nizami Alışanla üzləşdirilib.
Zərərçəkmişlərdən biri də "Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir. Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.
Xatırladaq ki, ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Z.Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.
Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.
Nizaminin qayınatası hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğənninin qızı Günellə evlənib.
Növbəti proses iyulun 31-nə təyin olunub.