"Avropa Liqasında pley-offa vəsiqə qazanmaq istəyirik".
Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qarabağ"ın Kabo-Verdedən olan futbolçusu Patrik Andrade deyib.
Yarımmüdafiəçi komandasının qış təlim-məşq toplanışı barədə danışıb: "Artıq bir neçə gündür mövsümün ikinci yarısının hazırlıqlarına başlamışıq. Hər zaman istirahətdən geri qayıdarkən futbolçular üçün çətin olur. Hər gün hazırlıq səviyyəmizi bir qədər də artırırıq".
O, komandasının UEFA Avropa Liqasının Liqa mərhələsində FCSB və "Olimpiakos" ilə keçirəcəyi görüşlərə toxunub: "Hər il olduğu kimi, yenə də Avropada öz oyunumuzu göstərmək istəyirik. Əvvəllər qarşıdakı matçlara necə hazırlaşırdıqsa, yenə də eyni qaydada davam edirik. İnanırıq ki, qarşıdakı iki görüşdə azarkeşlərimizi sevindirə biləcəyik. Ən böyük istəyimiz pley-offa vəsiqə əldə etməkdir. Ümidimiz var. Yaxşı çıxış etsək, bunu bacara bilərik".
P.Andrade komanda yoldaşı Olavio Juninyonun İspaniyanın "Sevilya" və Braziliyanın "Flamenqo" klublarına mümkün keçidinə münasibət bildirib: "Futbolda belə hallar olur. Böyük klublara keçmək şansın varsa, bunu dəyərləndirirsən. İnanıram ki, nəticə onun üçün xeyirli olacaq. Hər şey baş məşqçimiz Qurban Qurbanovun nəzarətindədir. Juninyo "Qarabağ"dan getsə, o, heyəti necə quracağını yaxşı bilir. Ona gələcək karyerasında uğurlar arzu edirəm".