Medical Park Antalya Xəstəxanasının Endokrinologiya və Metabolizma Xəstəlikləri üzrə mütəxəssisi dosent Dr. Hakan Düğer arıqlamaq istəyənlər arasında geniş yayılan arıqlama iynələri barədə mühüm açıqlamalar verib.
Bakıvaxtı.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.
O bildirib ki, bu iynələr yalnız həkim nəzarətində və müəyyən tibbi göstərişlər olduqda istifadə edilməlidir.
“Təkcə iynə ilə bədən çəkisinin 20 faizinə qədər azalma mümkündür”
Dr. Düğer bildirib ki, arıqlama iynəsi beyindəki iştah mərkəzini basqılayır, mədənin boşalmasını gecikdirir və toxluq hissi yaradır. “Yalnız bu iynə vasitəsilə belə, bədən çəkisinin 20 faizinə qədər azalma mümkündür. Amma effektiv nəticə üçün iynə ən azı 6 ay istifadə olunmalıdır",– deyə o qeyd edib.
Kimlər bu iynədən istifadə edə bilər?
Həkimin sözlərinə görə, bu iynələr bədən kütlə indeksi (BKİ) 30-dan yuxarı olan şəxslərə, eləcə də BKİ-si 27-dən yuxarı olub şəkərli diabet, yüksək qan təzyiqi, xolesterin, yuxu apnesi və qaraciyər piylənməsi kimi əlavə xəstəlikləri olan şəxslərə tətbiq oluna bilər. Hamilə qadınlara, əmizdirən analara, dərmana qarşı allergiyası olanlara, pankreas iltihabı keçirmiş və qalxanabənzər vəzi xərçəngi diaqnozu almış şəxslərə isə bu iynə qətiyyən uyğun deyil.
"İynə ilə yanaşı düzgün qidalanma və fiziki aktivlik vacibdir"
Dr. Düğer vurğulayıb ki, iynə ilə arıqlama müalicəsi zamanı düzgün qidalanma və fiziki hərəkətə davam edilməlidir. “Bu iynələrin gündəlik və ya həftəlik tətbiq olunan növləri mövcuddur və hazırda ölkəmizdə yalnız iynə şəklində istifadə olunur. Müalicə dövründə zülalla zəngin, lifli və sadə karbohidratlardan uzaq bir qidalanma tərzi tövsiyə olunur. Çünki yağ itkisi ilə yanaşı əzələ itkisi də ola bilər,” – deyə o bildirib.
Yan təsirlər və müalicənin başlanğıc mərhələsi
Dr. Düğer iynələrin yan təsirləri barədə də məlumat verib: “Ən çox rast gəlinən şikayətlər mədə-bağırsaq sistemi ilə bağlıdır – bulantı, köp, qəbizlik, ishal, reflü və həzm pozğunluqları. Bu şikayətlər əsasən müalicənin ilk günlərində müşahidə olunur və adətən dözümlü olur. Nadir hallarda halsızlıq, baş ağrısı və ürəkdöyünməsi kimi hallar da baş verə bilər.”
"Ən böyük çətinlik – dərmanın yüksək qiymətidir”
Dr. Düğer əlavə edib ki, dərmanın yüksək qiyməti səbəbilə onu istifadə edənlərin sayı çox azdır: “Təkcə Türkiyədə deyil, bütün dünyada bu müalicədən fayda görə biləcək çox sayda insan var, lakin yüksək qiymət bu imkanı məhdudlaşdırır. Hazırda bu dərmanı istifadə edə biləcək şəxslərin cəmi 1 faizi ondan yararlana bilir. Ümid edirik ki, gələcəkdə qiymətlər daha əlçatan olacaq".
Nəticə olaraq, arıqlama iynələri müəyyən şəxslər üçün faydalı seçim ola bilər, lakin onların düzgün və təhlükəsiz istifadəsi üçün mütləq şəkildə həkim nəzarəti altında olmaq vacibdir.
Nuriyyə Musayeva