• Bakı 28° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

AŞPA nümayəndə heyətinin rəhbəri: Top artıq Avropa Şurasının meydanındadır

SİYASƏT

13 Iyul 2026 | 16:55

AŞPA nümayəndə heyətinin rəhbəri: Top artıq Avropa Şurasının meydanındadır

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir. Dövlət başçısı Şuşada keçirilən IV Qlobal Media Forumunda çıxışı zamanı deyib ki, 2024-cü ildə Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququndan məhrum edilməsi ölkənin ərazi bütövlüyünün bərpasına görə verilmiş siyasi qərar olub.

Prezident vurğulayıb ki, səsvermə hüququ olmayan nümayəndə heyətinin AŞPA-da iştirak etməsinin mənası yoxdur.

Azərbaycan Avropa Şurasını tərk edə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Assambleyanın Azərbaycana qarşı qəbul etdiyi qərarlar ilk növbədə təşkilatın özünü çıxılmaz vəziyyətə salıb.

“Əslində, bu, Azərbaycanın təşəbbüsü deyildi. Bu, Avropa Şurasının ölkəmizə qarşı qəbul etdiyi qeyri-obyektiv və ədalətsiz qərarın nəticəsidir. Məsələyə məhz bu prizmadan yanaşmaq lazımdır. Bu səbəbdən də yaranmış vəziyyətin aradan qaldırılması üçün ilk addımı Avropa Şurası atmalıdır. Problemi onlar yaradıblarsa, həllini də özləri tapmalıdırlar. Azərbaycan nümayəndə heyətinin tam səlahiyyətləri bərpa edilməlidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər tamamilə əsaslı və düzgün mövqedir”, – deyə Səməd Seyidov bildirib.

Səməd Seyidov: Azərbaycanın Avropa Şurasından çıxması məsələsi təbii olaraq ciddi müzakirə mövzusuna çevrilib

Komitə sədri qeyd edib ki, bu gün Avropa Şurası Azərbaycanın üzv qəbul olunduğu dövrdəki təşkilatdan ciddi şəkildə fərqlənir.

“Cənab Prezidentin də vurğuladığı kimi, biz tamam başqa bir Avropa Şurasına üzv olmuşduq. Bu gün isə fərqli bir təşkilat görürük. Məhz buna görə də Azərbaycanın Avropa Şurasından çıxması məsələsi təbii olaraq ciddi müzakirə mövzusuna çevrilib. Prezident İlham Əliyev də bu barədə mövqeyini açıq şəkildə ifadə edib. Lakin Baş katibin və bəzi Avropa siyasətçilərinin Azərbaycana müraciətləri bu məsələnin müzakirəsini müəyyən mənada dayandırdı”, – deyə o əlavə edib.

Səməd Seyidov vurğulayıb ki, hər bir halda beynəlxalq təşkilatlar Azərbaycanın müstəqil və suveren dövlət olduğunu nəzərə almalıdırlar.

“Heç kimin Azərbaycana əsassız təzyiq göstərmək nə səlahiyyəti, nə də imkanı var. Hesab edirəm ki, Prezident İlham Əliyevin bu fikirləri Avropa Şurasının müvafiq strukturlarında ciddi şəkildə müzakirə olunacaq. Əgər bundan düzgün nəticə çıxarsalar, bu, hər kəs üçün faydalı olar. Əks halda isə yaranacaq problemlər Azərbaycandan daha çox Avropa Şurasının özünə zərər verəcək”, – deyə Milli Məclis komitəsinin sədri bildirib.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR