• Bakı C

    3.94 m/s

  • USD - 1.7

    EUR - 1.8526

    RUB - 1.9891

Atəşkəsin əldə olunacağı real görünmür: Qarşıdakı dövr Zelenski üçün asan olmayacaq

SİYASƏT

12 Mart 2025 | 16:03

Atəşkəsin əldə olunacağı real görünmür: Qarşıdakı dövr Zelenski üçün asan olmayacaq

Atəşkəsin əldə olunacağı real görünmür: Qarşıdakı dövr Zelenski üçün asan olmayacaq-ın məlumatına görə, Ukrayna Prezidenti Ofisinin saytında dərc olunan bəyanata əsasən, Ukrayna ABŞ-nin Rusiya tərəfindən qəbul edilməsi və eyni vaxtda həyata keçirilməsi şərti ilə, tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilən müvəqqəti atəşkəs rejiminin dərhal tətbiq edilməsi təklifini qəbul etməyə hazırdır. Rusiya tərəfi də qarşılıqlı sülhə razılıq verməlidir.

Bu bəyanatdan sonra Ukrayna Rusiya ərazisinə 337 PUA ilə hücum edib. PUA-lardan 91-i Moskva regionu ərazisində vurulub. PUA hücumu nəticəsində iki nəfər ölüb, üçü uşaq olmaqla 18 nəfər yaralanıb. Bu, 2025-ci ildə ən böyük hücum hesab olunub.

Ukraynanın razılıq verdiyi atəşkəsin müsbət nəticələri olacaqmı? Kiyevin bəyanatından sonra Rusiyaya PUA hücumu etməsinin kökündə hansı səbəblər durur?

Mövzu ilə bağlı politoloq Xəyal Bəşirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əslində Ukraynanın 30 günlük atəşkəs rejiminin tətbiqinə razılıq verməsi qarşıdakı dövr üçün planlaşdırılan məsələdir:

"Əgər atəşkəs razılaşması əldə olunursa, üçtərəfli qaydada həyata keçirilməlidir. Yəni, ABŞ-nin iştirakı ilə keçiriləcək görüşdə Rusiya və Ukrayna nümayəndələri də iştirak etməlidirlər. Bu görüş hələlik baş tutmayıb. Sadəcə görüşə hazırlıqla bağlı addımlar atılır. Ukrayna tərəfinin əvvəlki şərti ondan ibarət idi ki, hava və dəniz hücumu ilə bağlı atəşkəs əldə oluna bilər. Lakin quruda aparılan döyüşlərlə bağlı atəşkəs əldə olunmayacaq. Burada məqsəd Ukraynanın Rusiya ordusunu müəyyən mənada öz ərazisindən mümkün qədər çıxartmaq və Şərqə doğru sıxışdırmaq idi. Ancaq baş verən proseslər fonunda atəşkəsin əldə olunması prosesinin də sadə olmayacağı görünür”.

Müsahibimizə görə, Amerika bu məsələdə sərt mövqeyini ortaya qoysa da, Kiyevə qarşı təsir imkanlarından istifadə etsə də, qısa zamanda bir görüşlə sadə mexanizm çərçivəsində atəşkəsin əldə olunacağı real görünmür. Çünki Rusiya-Ukrayna müharibəsi üç ildən artıqdır ki, davam edir və bu dönəmdə çox ciddi proseslər baş verib.

X.Bəşirov hesab edir ki, Rusiya-Ukrayna müharibəsində ədalətli sülh gözlənilmir. ABŞ-nin ortaya qoyduğu mövqe daha çox özünün maraqlarını təmin etmək və özünü sülhü əldə edən əsas beynəlxalq mediator kimi göstərməkdən ibarətdir.

"ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq son açıqlamalarında Zelenskinin Oval Evdə Trampa qarşı davranışlarını pisləməklə yanaşı, Amerikanın Ukraynaya çağırışlar etmək niyyətini bir ulağın burnundan dəyənəklə vurulması kimi ifadə edib. O, sanki Ukraynanı bir ulağa bənzədib və atılan addımları onun burnundan vurmaq kimi diqqətə çatdırıb. Bəzi hallarda hətta Ukrayna rəsmi nümayəndəsi olmadan ABŞ-nin Rusiya ilə görüş keçirməsi özünün hegemonluğunu və əsas söz sahibi olduğunu ortaya qoyur. Görüşə Rusiyanın dəvət olunmasının başlıca səbəbi isə bu prosesdə Amerika üçün Kiyevdən daha çox Moskvanın mövqeyinin vacib olmasıdır", - deyə müsahibimiz qeyd edib.

Xəyal Bəşirov: , Zelenski atəşkəsə razılaşsa da, hərbi əməliyyatların davam etdirilməsində maraqlıdır

Hazırkı mərhələdə tərəflər arasında atəşkəs razılaşmasının rəsmi şəkildə əldə olunmadığını bildirən politoloq vurğulayıb ki, Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar davam edir:

"Müvəqqəti razılaşma əldə olunandan sonra tərəflər arasında gərginliyin davam etməsi gözləniləndir. Hər halda hazırkı danışıqlar prosesi ən azından müharibəni dayandıra bilər. Gələcəkdə atəşkəs əldə olunandan sonra Amerika ilə Rusiya arasındakı razılaşmaya görə, Kiyevdə prezident seçkiləri keçirilməlidir. Bu seçkidə Vlodomir Zelenski məğlubiyyətə uğrayacaq və ya ümumiyyətlə, seçkidə iştirak etməyəcək. Daha sonra üç illik müharibə dönəmi ilə əlaqəsi olmayan şəxsin hakimiyyətə gətirilməsi reallaşa bilər. Nəticədə həmin şəxslə danışıqlar aparmaq daha rahat olacaq. Görünən isə odur ki, Zelenski atəşkəsə razılaşsa da, digər tərəfdən hərbi əməliyyatların davam etdirilməsində maraqlıdır. Çünki Zelenskinin yalnız beynəlxalq güclər deyil, həm də öz xalqı qarşısında məsuliyyəti var. Ümumilikdə Zelenskinin atəşkəsə razılaşması, Ukrayna torpaqlarını Rusiyaya verəcəyi mənasına gəlmir. Bu mənada qarşıdakı dövr Zelenski üçün asan olmayacaq".

Gülşən Şərif


SON XƏBƏRLƏR