• Bakı 15° C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Avtomobil icbari sığortası ilə bağlı şikayətlər niyə artıb?

CƏMİYYƏT

18 Noyabr 2025 | 08:51

Avtomobil icbari sığortası ilə bağlı şikayətlər niyə artıb?

Avtomobillərin icbari sığortası ölkədə ən kütləvi rəsmiləşdirilən sığorta növü olduğundan, bu sahə üzrə şikayətlər də daim yüksək olub. Həm sığortalılar, həm də sığorta şirkətləri hazırkı mexanizmlərdən narazıdır və problemlərin əsas səbəbi sığorta haqlarının real bazar şərtlərinə uyğun olmamasıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında sığorta eksperti Vüsal Bədəlov avtomobillərin icbari sığortası üzrə şikayət indekslərinin artmasından danışarkən deyib.

Ekspert bildirib ki, 10 il öncə şirkətlər avtomobillərin bütün kateqoriyalarını sığortalamağa maraqlı idisə, hazırda sığorta haqlarının aşağı olması onları bu prosesdən çəkindirir:

“Bu gün bir çox sığorta şirkəti xüsusilə sığorta haqqı az olan nəqliyyat vasitələrini rəsmiləşdirmək istəmir. Halbuki icbari sığorta lisenziyasına malik şirkət heç bir nəqliyyat vasitəsinin sığortalanmasından imtina edə bilməz. Problemlərin aradan qalxması üçün sığorta haqları yenidən nəzərdən keçirilməlidir. Haqlar sığorta şirkətlərini qane edərsə, həm xidmət keyfiyyəti yüksələr, həm də şikayətlər azalacaq”.

Onun sözlərinə görə, 2011-ci ildən sonra baş verən devalvasiya, ehtiyat hissələrinin və təmir xərclərinin bahalaşması sığortaçıların xərclərini ciddi şəkildə artırıb:

“Sığorta şirkətləri yığımlarla ödənişləri tarazlaya bilmədiyi üçün ziyana düşür. Bu vəziyyət davam edərsə, gələcəkdə daha çox şirkət avtomobil sığortası lisenziyasını ləğv və ya dondura bilər”.

Vüsal Bədəlov həmçinin şikayət indekslərinin yalnız xidmət keyfiyyəti ilə deyil, şirkətlərin bazar payı ilə də əlaqəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bazar payı böyük olan şirkətlərdə şikayətlərin çox görünməsi normaldır, lakin bəzən bazar payı eyni olan şirkətlər arasında da şikayət indeksi kəskin fərqlənir ki, bu da xidmət fərqliliyindən irəli gəlir.

Ekspert əlavə edib ki, ödənişlərin gecikməsi, qeyri-qənaətbəxş qiymətləndirmə və prosedurun vətəndaşa ətraflı izah olunmaması şikayətlərin əsas səbəblərindəndir:

“İcbari sığortada zərər 7 iş günü ərzində hesablanmalı, tələb olunan son sənəd təqdim edildikdən sonra isə yenə maksimum 7 iş gününə ödənilməlidir. Ödəniş gecikərsə, hər gün üçün dəbbə pulu hesablanır və vətəndaş bunu tələb edə bilər”.

Qeyd edək ki, Mərkəzi Bankın açıqlamasına əsasən, son bir ildə icbari avtomobil sığortası üzrə ən çox şikayət olunan şirkətlər sırasında “Atəşgah Sığorta” və “AtaSığorta” liderlik edir.


SON XƏBƏRLƏR

17 Noyabr 2025