Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin iqtisadi və qlobal məsələlər üzrə Baş Katibinin müavini Saymon Mordu və Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, habelə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər müzakirə olunub.
Azərbaycan və Aİ arasında iqtisadi, ticarət, enerji təhlükəsizliyi, yaşıl enerji, humanitar və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Xüsusilə, energetika sahəsində ölkəmizin təşəbbüsü ilə icra olunan nəhəng layihələrin Avropanın enerji təchizatı və təhlükəsizliyində mühüm rol oyandığı diqqətə çatdırılıb, ənənəvi enerji mənbələri üzrə əməkdaşlığın alternativ enerji sahəsində də davam etdirilməsinin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumat verib, hazırda ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin, habelə humanitar minatəmizləmə fəaliyyətinin aparıldığını diqqətə çatdırıb.
Avropa İttifaqı ilə minatəmizləmə və itkin düşmüş şəxslərin aqibətinin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq məsələlərinə toxunulub.
Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmiz əleyhinə ərazi iddialarının davam etdirilməsinin, habelə bu ölkənin sürətli silahlanmasının sülh gündəliyinin irəlilədilməsinə təhdid törətdiyi qeyd olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.