• Bakı 21° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Azərbaycan apreldə Türkiyənin ikinci ən böyük qaz təchizatçısı olub

İQTİSADİYYAT

27 Iyun 2025 | 18:40

Azərbaycan apreldə Türkiyənin ikinci ən böyük qaz təchizatçısı olub

Azərbaycan bu ilin yanvar-aprel aylarında Türkiyəyə 3 milyard 715,07 milyon kubmetr təbii qaz ixrac edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Bakıvaxtı.az bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Şurasına (EPDK) istinadən xəbər verir.

İxrac olunan ümumi qaz həcminin 3 milyard 609,35 milyon kubmetri uzunmüddətli müqavilələr əsasında, 105,72 milyon kubmetri isə spot mexanizmi üzrə təmin edilib.

Aprel ayında Azərbaycan Türkiyəyə 999,83 milyon kubmetr qaz ixrac edib ki, bu da illik müqayisədə 0,09 % azalma deməkdir. Bu həcmin 956,46 milyon kubmetri uzunmüddətli əsasda, 43,37 milyon kubmetri isə spot razılaşmalar çərçivəsində təchiz olunub.

Ümumilikdə, apreldə Türkiyə 4 milyard 60,82 milyon kubmetr təbii qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 69,54 % artım deməkdir. Bunun 3 milyard 656,17 milyon kubmetri boru kəmərləri ilə (ümumi idxalın 90,04 %-i, 86,73 % artım), 404,65 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz (LNG) vasitəsilə (ümumi idxalın 9,96 %-i, 7,46 % azalma) həyata keçirilib.

Apreldə Türkiyənin qaz idxalında Azərbaycan ikinci yerdə qərarlaşıb və ümumi idxalın 24,62 %-i ölkənin payına düşüb. Birinci yerdə 44,81 %-lik payla Rusiya, üçüncü yerdə 17,41 %-lə İran, dördüncü yerdə isə 3,19 %-lə Türkmənistan olub.

Aprel ayında Türkiyəyə qaz altı ölkədən təchiz edilib: Azərbaycan, Rusiya, İran və Türkmənistandan boru kəmərləri ilə, ABŞ və Əlcəzairdən isə LNG tədarük edilib. Türkmənistandan qaz idxalı ilk dəfə qeydə alınıb və 129,63 milyon kubmetr təşkil edib.

Türkiyəyə Azərbaycan qazının tədarükü “Şahdəniz” yatağının işlənməsinin 1-ci və 2-ci mərhələləri çərçivəsində həyata keçirilir.

EPDK-nın məlumatına əsasən, Azərbaycan 2024-cü ildə Türkiyəyə 11 milyard 478,4 milyon kubmetr qaz ixrac edib ki, bu da 2023-cü illə müqayisədə 11,9 % artım deməkdir. Azərbaycanın energetika naziri Pərviz Şahbazovun daha əvvəl verdiyi açıqlamaya görə, bu il ölkə Türkiyəyə 10 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır./report


SON XƏBƏRLƏR