Prezident İlham Əliyevin Çinin Tiencin şəhərinə səfəri və burada Si Cinpinlə görüşü ikitərəfli münasibətlərdə strateji dönüş nöqtəsi oldu. Çin liderinin Azərbaycanın regional və beynəlxalq müstəvidə artan roluna xüsusi vurğu etməsi Bakının çoxvektorlu siyasətinin uğurla davam etdiyini göstərir.
Si Cinpin Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsündə mühüm tranzit ölkə olduğunu bildirərək Trans-Xəzər dəhlizinin əhəmiyyətini ön plana çıxardı. Onun Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığını yüksək qiymətləndirməsi isə ölkəmizin təşkilatda gələcəkdə daha geniş təmsilçiliyinə real imkanlar açır.
Prezident İlham Əliyev Orta Dəhlizin artan yüklər fonunda səmərəliliyini xüsusi qeyd edərək, layihənin həm Çin, həm də Avrasiya üçün strateji əhəmiyyət daşıdığını vurğuladı. Azərbaycan bu marşrut vasitəsilə logistika mərkəzi statusunu gücləndirir və regional inteqrasiyada yeni imkanlar qazanır.
ŞƏT çərçivəsində əməkdaşlığın genişlənməsi Azərbaycanın təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində daha güclü mövqeyə sahib olmasına yol açır. Tam üzvlük perspektivi isə ölkənin Avrasiyanın siyasi və iqtisadi arxitekturasında daha təsirli aktora çevrilməsini təmin edə bilər.
Tiencin görüşü göstərdi ki, Bakı ilə Pekin münasibətləri təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, həm də regional sabitlik və yeni qlobal nizamın formalaşmasında mühüm ortaq mövqeləri əks etdirir.
Züriyə Qarayeva