• Bakı C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.7708

    RUB - 1.7061

Azərbaycan-İran əlaqələri:  Artıq münasibətlər gərginlik mərhələsini keçib

SİYASƏT

22 Yanvar 2025 | 17:25

Azərbaycan-İran əlaqələri:  Artıq münasibətlər gərginlik mərhələsini keçib

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan ilə görüşüb. Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrinin inkişafını və Qafqazda baş verən son prosesləri müzakirə ediblər.

Qeyd edək ki, Şahin Mustafayev Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyanın 16-cı iclasında iştirak etmək məqsədilə İranda səfərdədir. Şahin Mustafayev İran prezidenti Məsud Pezeşkian tərəfindən də qəbul olunub və ikitərəfli münasibətlərlə bağlı müzakirələr aparılıb.

Politoloq Zaur Məmmədov Bakıvaxtı.az-a deyib ki, İran-Azərbaycan münasibətlərini iki aspektdən təhlil etmək lazımdır.

Ekspert vurğulayıb ki, Şahin Mustafayevin İran prezidenti ilə görüşündə daha çox iqtisadi və logistika məsələləri müzakirə olunub:

"Bu istiqamətlərdə artıq ilkin nəticələr var. Nəticələr ondan ibarətdir ki, gələcəkdə həm enerji resursları, həm də nəqliyyatla bağlı Azərbaycan Rusiya və İran arasında tranzit ölkə kimi çıxış edə bilər. Eyni zamanda Azərbaycan-İran arasında da bu şəbəkənin genişlənməsinə şahidlik edə bilərik. İqtisadi əlaqələr hər iki ölkənin maraqlarına cavab verir və iqtisadiyyatın şaxələndirilməsi deməkdir. Nəzərə alaq ki, neft-qaz, yəni enerji resursları ilə bağlı bölgədə ciddi dəyişiklər getməkdədir. ABŞ-də Donald Trampın yenidən hakimiyyətə gəlişindən sonra enerji daşıyıcılarının qiymətlərinin mümkün azalması fonunda Azərbaycan və İran iqtisadi sahələrin şaxələndirilməsi haqqında fikirləşirlər. Bu da müxtəlif layihələrin həyata keçirilməsinin tezləşdirilməsini mümkün edir. Tehranın da bu istiqamətdə ciddi düşünməsi zəruridir".

Zaur Məmmədov, politoloq

Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycanla İran arasında siyasi əlaqələrdə problemlər az deyil:

"Uzun müddət idi ki, İran Azərbaycana "kiçik qonşu" kimi baxırdı. Azərbaycan isə nəinki İran, Rusiya və digər ölkələrlə münasibətlərdə bərabərhüquqlu ölkə olduğunu dəfələrlə sübut etdi. Tehran hökuməti isə Azərbaycanın daxili işlərinə qarışır, ölkəmizdə dini zümrələri genişləndirməyə çalışırdı və s. Ancaq güclü Azərbaycan bu təhlükələri aradan qaldırdı. Hər şeyə rəğmən, Bakı Tehrana qarşı olduqca səbirli davrandı və qonşuluq siyasətini davam etdirdi. Həmçinin, İranın regional əməkdaşlıqdan kənarlaşdırılmamasının önəmini vurğuladı. Artıq münasibətlər gərginlik mərhələsini keçib. Ümid edirik ki, Məsud Pezeşkianın rəhbərliyi dönəmində Azərbaycanla İran arasında siyasi əlaqələr də inkişaf edəcək".

Aydın Baxış


SON XƏBƏRLƏR