• Bakı C

    9.08 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

ATƏT PA-nın komitə iclasında Orta Dəhlizin strateji əhəmiyyəti barədə danışılıb

SİYASƏT

21 Fevral 2025 | 15:09

ATƏT PA-nın komitə iclasında Orta Dəhlizin strateji əhəmiyyəti barədə danışılıb

ATƏT PA-nın fevralın 20-də Vyanada işinə başlayan qış sessiyasında qurumun İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin iclası keçirilib.

Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, komitənin sədri Azay Quliyev iclası açaraq ölkəmizin maraqları baxımından bir neçə vacib məsələ, o cümlədən Orta Dəhlizin strateji əhəmiyyəti, iqlim böhranı və COP29-un uğurlu nəticələri, süni intellektin rolu, həmçinin gələcək çağırışlar haqqında danışıb. Deyib ki, hazırda dünya müxtəlif böhranlar və çağırışlarla üz-üzədir. Müxtəlif regionlarda baş verən münaqişələr yalnız lokal təsirlərlə məhdudlaşmır, həm də təhlükəsizlik, iqtisadi sabitlik və sosial balansı pozur. Rusiya-Ukrayna müharibəsi insan itkiləri ilə yanaşı, iqtisadi və ekoloji təhlükəsizliyi də ciddi şəkildə təhdid edir.

Bildirilib ki, müharibə qlobal tədarük zəncirlərini pozaraq, iqtisadi sabitliyi qorumaq və fasiləsiz əlaqəni təmin etmək üçün dayanıqlı və şaxələndirilmiş ticarət yollarının zəruriliyini ön plana çıxarmışdır. Bu kontekstdə Orta Dəhliz getdikcə daha mühüm alternativ kimi formalaşır. Avropanı Asiya ilə Cənubi Qafqaz və Mərkəzi Asiya vasitəsilə birləşdirən bu dəhliz pozulmuş tədarük zəncirlərinə dayanıqlı və təhlükəsiz alternativ kimi çıxış edir. Orta Dəhlizin gücləndirilməsi təkcə iqtisadi deyil, həm də enerji təhlükəsizliyi, ticarətin şaxələndirilməsi və regional sabitlik baxımından strateji əhəmiyyət daşıyır.

Eyni zamanda diqqətə çatdırılıb ki, iqlim böhranı sürətlə dərinləşir. Ekstremal hava şəraiti insanların həyatına təsir edir, icmaları məcburi köçkün vəziyyətinə salır, iqlimlə bağlı miqrasiyanı artırır, iqtisadiyyata mənfi təsir göstərir və resurs qıtlığını daha da kəskinləşdirir. Hamımız hələ də bu ilin əvvəlində Kaliforniyada baş verən dəhşətli meşə yanğınlarının təsirli görüntülərini xatırlayırıq. Bu kontekstdə, Bakıda keçirilən COP29 Sammiti iqlim böhranına qarşı təcili tədbirlərin görülməsinin zəruriliyini bir daha vurğuladı və bir sıra əhəmiyyətli nəticələrlə yadda qaldı.

A.Quliyev diqqətə çatdırıb ki, ilk dəfə olaraq ATƏT PA COP tədbirində rəsmən iştirak edib və parlament diplomatiyasının iqlim dəyişikliyi ilə mübarizədəki kritik rolu vurğulanıb.

Daha sonra ümumi komitənin qarşıdakı il üçün əsas diqqət yetirəcəyi məsələlərdən bəhs edilib, iqlim böhranının enerji təhlükəsizliyi, su çatışmazlığı və regional sabitliyə təsiri, Ukraynaya dəstək, miqrasiya problemlərinin idarə olunması, süni intellektin yaratdığı imkanlar və risklərə uyğun siyasətlərin hazırlanması mövzularının diqqət mərkəzində saxlanılacağı bildirilib.

Sonda vurğulanıb ki, ATƏT PA parlament diplomatiyasının imkanlarından istifadə edərək qlobal çağırışlara davamlı və səmərəli həll yolları tapmaqda qərarlıdır.


SON XƏBƏRLƏR

21 Fevral 2025