Donald Trampın Ermənistanla Azərbaycan arasında sülh yaratmaq üçün böyük imkanı var.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu ABŞ-nin Azərbaycandakı sabiq səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza bildirib.
"Biz bilirik ki, hər iki tərəf razılığa yaxındır, lakin Paşinyanın ciddi siyasi müqaviməti var” deyən Brayza ümid edir ki, Tramp öz töhfəsini vermək istəyir.
Maraqlıdır ki, Azərbaycan-Ermənistan münasibətlərində ABŞ-nin roluna ehtiyac varmı?
Mövzu ilə bağlı politoloq Xəyal Bəşirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ zamanında Qarabağ münaqişəsinin həllinə dəstək verməsə də, ölkəmizin qalibiyyətini qəbul etmişdi.
Onun sözlərinə görə, bu fonda Metyu Brayza Azərbaycan, Cənubi Qafqaz və keçmiş Qarabağ münaqişəsi ilə bağlı problem barədə yaxından məlumatlı olan şəxslərdən biri sayılır:
"O, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə də dəvət olunur. Brayza keçmiş Qarabağ münaqişəsinin mövcud olduğu dönəmdə səfir olub və eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri idi. Bu amillərlə yanaşı, o dövrlər ABŞ prezidenti Donald Trampın birinci prezidentliyi dövründə Qarabağ münaqişəsi gündəmdə idi. Təəssüf ki, o vaxt biz onların heç bir fəaliyyətini görmədik. Onların fəaliyyətsizliyinin nəticəsi olaraq İkinci Qarabağ müharibəsi reallaşdı. Baxmayaraq ki, odövrdəki 4 illik Tramp adminstrasiyası münaqişənin həllinə dəstək göstərilə bilərdi və Ermənistana dəstək verildi. Sadəcə olaraq təqdirəlayiq hal bu idi ki, Tramp adminstrasiyası ölkəmizin qabiliyyətini qəbul etdi. Adminstrasiya ABŞ-nin daxilində Ermənistana dəstək verən və havadarlıq etmək istəyən şəxslərin səsinə səs vermədi və bu yolla Azərbaycanla qələbəsini qəbul etmiş oldu".
Bəşirov vurğulayıb ki, Tramp seçkilərə hazırlıq ərəfəsində ikinci prezidentliyi dövründə müharibələrə qarşı olacağını və müharibələr gedən Yaxın Şərqdə, Rusiya-Ukrayna müharibəsində prosesləri səngidəcəyini açıqlamışdı.
"Biz Yaxın Şərqdə bu prosesin müəyyən mənada şahidiyik. Rusiya-Ukrayna cəbhəsində də danışıqlar prosesinin reallaşdırılması ilə bağlı addımlar atılır. Əslində Tramp müharibələri dayandıracağı ilə bağlı vədi siyasi fiqur olaraq ABŞ kimi fövqəldövlətin rəhbəri olduğunu göstərmək üçün verib. O, əslində iqtisadi proseslərə daha çox önəm verir. Tramp iqtisadi münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Bu fonda Trampın Cənubi Qafqazla bağlı planının olmaması real görünmür", - deyə müsahibimiz vurğulayıb.
Xəyal Bəşirov: İstənilən halda Azərbaycan ənənəvi siyasətindən əl çəkmək niyyətində deyil
Azərbaycanın Cənubi Qafqazla bağlı planına gəlincə, politoloq ölkəmiz münaqişənin arxada qaldığını vurğuladığını və sülh təşəbbüsləri irəli sürdüyünü açıqlayıb. Azərbaycan Zəngəzur dəhlizinin reallaşmasını istəyir və bu yolla iqtisadi münasibətlərin, logistika xəttlərinin, enerji yollarının inkişafını dəstəklədiyini göstərir:
"Tramp iqtisadi münasibətlərə önəm verirsə, deməli, Azəbaycanla Trampın siyasəti uzlaşır. Ermənistan isə silahlanmağa çalışır və sühdən yayınır. Hətta Bəyannamə ilə üzərinə götürdüyü öhdəliklərdən boyun qaçımağa cəhd edir. Eyni zamanda nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasına qarşıdır. Tramp administrasiyası Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını və sülh sazişinin imzalanmasını dəstəkləyəcəksə, bu halda Ermənistanın silahlanmasının qarşısını alacaq addımlar atmalıdır. ABŞ istəsə, bu vəziyyətin qarşısını ala bilər".
Politoloq hesab edir ki, istənilən halda Azərbaycan ənənəvi siyasətindən əl çəkmək niyyətində deyil. Ermənistanla münasibətlərin normallaşmasında kənar qüvvələrin iştirakına ehtiyac yoxdur. Ermənistan özündə siyasi iradə taparaq Azərbaycan tərəfi ilə sülh istiqaməti üzrə addımlar atmalıdır. Bu halda üçüncü dövlətlərin prosesdə iştirakı lazım olmayacaq. Əks halda bir çox ölkələr sözügedən prosesdə iştirak etməyə can atacaqlar. Bu isə heç də müsbət nəticələrə səbəb olmur.
Gülşən Şərif