Qış mövsümünün yaxınlaşması və yaşayış məkanlarında elektrik qızdırıcılarının, soba və digər məişət avadanlıqlarının istifadəsinin artması fonunda ölkədə yanğın təhlükəsizliyinin təmin olunması mövzusu yenidən gündəmə gəlib. Bu istiqamətdə aparılan nəzarət mexanizmləri, aşkarlanan problemlər, profilaktik tədbirlər və əhalinin maarifləndirilməsi məsələləri xüsusi aktuallıq kəsb edir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət kapitanı Əlibala Əlizadə Bakıvaxtı.az-a müsahibəsində ölkə üzrə yaşayış binaları və ictimai obyektlərdə yanğın təhlükəsizliyinə nəzarətin necə həyata keçirildiyi, son aylarda baş verən yanğınların əsas səbəbləri, maarifləndirmə proqramlarının miqyası və qış mövsümündə vətəndaşlara yönəlik əlavə xəbərdarlıqlar barədə ətraflı məlumat verib.
Söhbət zamanı, həmçinin, aşkarlanmış tipik pozuntular, obyekt sahibləri üçün tətbiq olunan hüquqi tələblər, eləcə də təhlükəsizliyin təmin olunması məqsədilə icra edilən tədbirlərə toxunulub.
Müsahibəni təqdim edirik.
- Ölkə üzrə yaşayış binaları və ictimai obyektlərdə yanğın təhlükəsizliyi tələblərinə nəzarət hansı mexanizm əsasında həyata keçirilir?
- Məlumat üçün bildiririk ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yoxlayıcı inspektorları tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının Qanununun müəyyən etdiyi müvafiq dövriliklə və “Yanğın təhlükəsizliyi Qaydaları”nın tələbləri nəzərə alınmaqla yanğın nəzarəti üzrə yoxlamalar həyata keçirilir. Bu yoxlamalar risklərin müəyyən edilməsini, profilaktik tədbirlərin artırılmasını və ümumi təhlükəsizlik səviyyəsinin yüksəldilməsini hədəfləyir.
- Son bir il ərzində aparılan yoxlamalar zamanı ən çox rast gəlinən pozuntular hansılardır və onların aradan qaldırılması ilə bağlı hansı tədbirlər görülüb?
- Ümumi statistika göstərir ki, pozuntuların əksəriyyəti elektrik mənşəli olub. Həmçinin, obyektlərdə yanğından müdafiə sistemlərinin, yanğınxəbərverici siqnalizasiya qurğularının, obyektdən asılı olaraq avtomatik yanğınsöndürmə sistemlərinin, havabasıcı və tüstüsorucu sistemlərin nasaz olması və ya texniki xidmətin vaxtında aparılmaması halları aşkarlanır.
Bəzi obyektlərdə bu sistemlər nəzərdə tutulmasına baxmayaraq, ümumiyyətlə tətbiq edilmir. Bundan əlavə, “Elektrik qurğularının Quraşdırılması Qaydaları”na riayət olunmaması, elektrik şəbəkəsində müvafiq sınaqların aparılmaması və ixtisaslaşmış təşkilatların rəyinin alınmaması halları müəyyən edilir.
- Yanğınsöndürmə avadanlıqlarının işlək vəziyyətdə saxlanılması üçün obyekt sahiblərinə tətbiq olunan nəzarət və tələblər nədən ibarətdir?
- Yanğından müdafiə sistemlərinin, siqnalizasiya qurğularının, avtomatik söndürmə, havabasıcı və tüstüsorucu sistemlərin mövcudluğu ilə yanaşı, onların mütəmadi olaraq işlək vəziyyətdə saxlanılması və texniki xidmət göstərilməsi mütləqdir. Yoxlamalar zamanı inspektorlar obyektin yanğına qarşı vəziyyətini qiymətləndirir, aşkar olunan pozuntularla bağlı sahibkarlıq subyektlərinə yazılı tələbnamələr təqdim edir. Tələblər yerinə yetirilmədikdə inzibati xəta haqqında protokol tərtib olunur. Bəzi hallarda isə aşkarlanmış pozuntular insan həyatı, ətraf mühit və ya dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradırsa, obyekt üzrə məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı qərarlar qəbul edilir.
- Qış mövsümündə elektrik qızdırıcılarının, soba və digər məişət avadanlıqlarının istifadəsi zamanı əhali üçün hansı əlavə xəbərdarlıqlar və təhlükəsizlik qaydaları nəzərdə tutulur?
- Hər il olduğu kimi, bu il də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti respublika ərazisində, xüsusilə yaşayış sektorunda yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə müvafiq əmrin icrasına başlayıb. Əmrdən irəli gələn tələblərə əsasən, Xidmətin aidiyyəti struktur bölmələri və yerli inspektorlar tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bununla yanaşı, müxtəlif media subyektləri vasitəsilə əhaliyə elektrik və qaz sobalarından, qızdırıcı cihazlardan istifadə zamanı “Yanğın təhlükəsizliyi Qaydaları”na əməl etmələri daim xatırladılır. Nazirliyin rəsmi internet və sosial şəbəkə səhifələri vasitəsilə maarifləndirici audio və videomateriallar hazırlanaraq yayılır. Əhaliyə bir daha çağırış edirik ki, yaşayış və qeyri-yaşayış sahələrində yanğından mühafizə sistemlərinin saz vəziyyətdə saxlanılmasına daha məsuliyyətlə yanaşsınlar, tələb olunan avadanlıqları təxirə salmadan tətbiq etsinlər.
- Uşaqların, məktəblərin və ictimai müəssisələrin yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə proqramları hazırda hansı formatda həyata keçirilir?
- Fövqəladə Hallar Nazirliyi tərəfindən müəssisə və təşkilatlarda, o cümlədən, təhsil müəssisələrində yanğın təhlükəsizliyi və fövqəladə hallar üzrə maarifləndirici tədbirlər və təlimlər həyata keçirilir. Tədbirlərdə məişətdə, elektrik və qaz təsərrüfatlarında, meşələrdə və digər gündəlik fəaliyyət sahələrində yanğın təhlükəsizliyi, eləcə də dəm qazı təhlükəsi haqqında nəzəri və praktiki məlumatlar verilir. 2025-ci ilin ötən dövrü ərzində 512-si təhsil müəssisəsi olmaqla 800 müəssisədə tədbirlər keçirilib və 50 mindən artıq şəxs birbaşa maarifləndirilib. Bununla yanaşı, maarifləndirici video və audio çarxlar hazırlanır, televiziya və radio kanallarında yayımlanır, mediada mütəxəssis çıxışları təşkil edilir. Nazirliyin rəsmi internet və sosial şəbəkə səhifələri də mütəmadi məlumatlandırma üçün aktiv şəkildə istifadə olunur.
- Son aylarda baş verən yanğın hadisələrinin əsas səbəbləri barədə statistik məlumat nəyi göstərir?
- Aparılan təhlillər göstərir ki, cari il ərzində qeydə alınan yanğınların 46%-i – elektrik avadanlıqlarının quraşdırılması və istismarı zamanı, 16%-i – nəqliyyat vasitələrinin istismarı zamanı, 9%-i – odla ehtiyatsız davranış, 3%-i – tütün məhsullarından istifadə, 1%-i – məişətdə qaz, kerosin, benzin və s. ilə işləyən qurğuların istismarı nəticəsində baş verib. Təəssüf ki, yanğınların 11%-i isə qəsdən yandırma halları ilə əlaqədardır.
Əli Hüseynov
Bakı 



