Xəbər verildiyi kimi, Qazaxıstanın paytaxtı Astanada keçirilən “Silk Way Star” beynəlxalq musiqi müsabiqəsində Azərbaycanın münsif olaraq təmsilçisi Samirə Əfəndi Ermənistan iştirakçısı Saro Gevorkyana maksimal - 12 xal verib. Bundan başqa o, erməni iştirakçını elan zamanı səhnədə qucaqlayıb.
Bu hal sosial şəbəkələr, media və ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bu davranışına görə, Samirəni “topa tutanlar” da var, bunu beynəlxalq ictimaiyyətə sülh mesajı kimi qiymətləndirənlər də var. Şübhəsiz ki, bu məsələdə sağlam yanaşmaya ehtiyac duyulur. Görəsən, sülh mesajları fonunda sənət-siyasət münasibəti necə tənzimlənməlidir?
Bakıvaxtı.az-ın bu və digər suallarını hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu cavablandırır.
- Bu məsələdə bir az tolerant yanaşmaya ehtiyac var. Biz Ermənistan, İran və Rusiya ilə normal qonşuluq etmək istəyiriksə, tolerant olmalıyıq. Yəni dünyaya sülh mesajı vermək olar, amma bu da o demək deyil ki, biz içəridə onlara sevgi bəsləməliyik. Yəni əlimizdəki çomağı yerə qoymamalıyıq. Çünki biz onların kim və nə olduğunu, onların nə edə biləcəklərini yaxşı bilirik. Buna rəğmən dünya miqyasında bəyan edirik ki, biz sülh istəyirik və biz sülhə gedirik. Bunun üçün də Samirənin davranışlarına elə də fikir vermək lazım deyil. Dünya miqyasında yaxşı qonşu olduğumuzu göstərməliyik.
- Axı məğlub tərəf Ermənistandır, niyə məhz ilk addımı onlar deyil, müzəffər Azərbaycanın qalib vətəndaşı atır, atmalıdır?
- Samirənin davranışını mən də bəyənmirəm, xoşlamıram, amma bir balaca özümüzü toxtaq saxlamalıyıq. Öz daxilimizdə onların kim və nə olmasını yadımızda saxlamalıyıq. Samirənin erməni iştirakçıya 12 xal verməsi musiqi məsələsidir, amma onu qucaqlaması mənim üçün xoş hal deyil. Yenə də bildirirəm ki, qonşuluqda tolerantlıq nümayiş etdirməliyik.
- Şübhəsiz ki, yekun sülh əldə olunandan sonra bu sayaq hallarla tez-tez üzləşəcəyik. Hətta qız alıb, qız verən də olacaq. Sizcə, bu prosesləri cəmiyyətin təhtəlşüuruna hopdurmaq asanmı olacaq?
- Bu proses çətin olacaq. Hamının ailəsində ən azı bir nəfər şəhid olub. Amma yavaş-yavaş buna alışmalıyıq. Əgər biz bundan sonra da müharibə olmasını, şəhidlər vermək istəmiriksə, gərək, özümüzdə güc, iradə tapıb, qonşuluq edək, vəssalam.
- Xalqların sülhə hazırlanması ilə bağlı hansı institutlar “əllərini daşın altına qoymalıdırlar”?
- Cəmiyyətin özü işləməlidir. Media, QHT-lər, siyasi partiyalar və cəmiyətin özü bu prosesdə aktiv iştirak etməlidir. Elə addımlar atılmalıdır ki, qonşuluq siyasəti normal olsun.
- Amma biz müəyyən siyasi partiyalar bu məsələlərə kəskin münasibət bəsləyir. Bəzi partiya sədrlərinin Samirənin davranışı ilə bağlı sərgilədiyi mövqe onların münasibətinin bariz təcallasıdır.
- Biz Zəngəzur dəhlizinin açılmasını və dünyaya sülh mesajının verilməsini istəyiriksə, bu məsələləri büruzə verməməliyik. Elə bilirsiniz, bu hal mənə xoşdur? Fərd olaraq, mən bu haldan məmnun deyiləm, amma dövlətçilik və dünyaya sülh mesajı ötürmək baxımından müəyyən mənada dözümlü yanaşmalı oluruq. Cəmiyyəti buna hazırlamaq lazımdır.
Biz demirik ki, ermənilərin Azərbaycan xalqının başına gətirdikləri Xocalı soyqırımını, 30 illik işğal dönəmini yaddan çıxaraq. Bunlar qətiyyən unudulmayacaq. Biz bilirik ki, tarix boyu Rusiya imperiyası başımıza nə qədər faciələr, oyunlar gətirib, amma yenə də çalışırıq ruslarla da dil tapaq.
Almaniya yəhudilərin başına olmazın zülmlərini gətirib. Amma indi Almaniyada yaşayan yəhudilər var. Hitler bütün Avropanı yandırmışdı, amma avropalılar bu gün loyal münasibət sərgiləyirlər.
Biz sivil, demokratik dövlət kimi tanınmaq istəyiriksə, belə məsələlərə alışmalıyıq. Amma təkrar edirəm ki, daxilimizdə onların kimliyini unutmamalıyıq. Bəzi partiya sədrlərinin çıxışlarına gəlincə, deyim ki, mən populist çıxışlara fikir vermirəm. Normal politoloqların və şərhçilərin fikirlərini dinləyirəm.
Aydın Baxış
Bakı 



