• Bakı 16° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Zahid Oruc: Vətən müharibəsi regionun geosiyasətini dəyişdi - MÜSAHİBƏ

MÜSAHİBƏ

20 Noyabr 2025 | 15:08

Zahid Oruc: Vətən müharibəsi regionun geosiyasətini dəyişdi - MÜSAHİBƏ

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı  Zəngəzur dəhlizinin perspektivləri barədə ətraflı danışıb, bu layihənin Orta dəhlizin ana arteriyası olacağını vurğulayıb.

Dövlətimizin başçısı çıxışında "Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək" sözlərini işlədib.

Mövzu ilə bağlı deputat, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Bakıvaxtı.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Zahid bəy, Vətən müharibəsində qazandığımız qələbəni geosiyasi inqilab hesab etmək olarmı?

- Vətən müharibəsi təkcə Cənubi Qafqazın deyil, Yaxın Şərq, Orta Asiya, Avropa və Avrasiya məkanında geosiyasi qüvvələr nisbətinin perspektivlərini dəyişdirən mühüm bir hadisəyə çevirildi. Birinci Qarabağ müharibəsindən sonra bölgədə Minsk qrupu adlı üç tərəfin monopolist və regionu öz inhisarlarında saxlayan durum formalaşmışdı. Bu, qrupun fəaliyyəti əslində işğalı qoruyub saxlayan bir mexanizmlər idi. Bizim savaşımız faktiki olaraq təkcə torpaqlar və suverenliyin uğrunda deyildi, həm də Azərbaycanın müstəqil iradəsinə qarşı olan bu formatı ortadan qaldırmaq idi. Biz ona nail olduq və bu anlamda ölkə başçısının liderliyi ilə aparılan müharibəni həm də geosiyasi inqilab adlandırmaq olar. Çünki əsrlər boyu qafqazlıları sümürən və onları idarə edən dövlətlərin yeni əsrdə mahiyyəti dəyişməmişdi. Azərbaycanın qələbəsi sanki bütövlükdə bölgəni işğaldan azad qurtardı.

- Azərbaycanın qələbəsi geosiyasi aləm üçün hansı yeniliklər gətirdi?

- Ölkəmizin qələbəsindən sonra yeni geosiyasi formatlar və startegiyalar meydana çıxdı. Onlardan ən mühümü məhz Yaxın Şərq və Orta Asiya arasında Cənubi Qafqazın artan gücü, perspektivləri və statusudur. Bunu yaradan Azərbaycan oldu. Orta Dəhliz layihəsi ona qədərki dövrdə Bakı və Gürcüstan vasitəsilə həyata keçirilirdisə, artıq “Tramp yolu”nun açılması ilə tamamilə fərqli strategiyaların yaranmasına yol açacaq. Bundan başqa, Azərbaycan “G 5+1” formatında məhz yer aldı. Cəmi bir həftə öncə Ağ Evdə qarşılanan Orta Asiya dövlət başçıları faktiki olaraq, sanki Azərbaycanın açdığı yolu getmiş oldular. Bu, onların maraq və mövqelərinə zərbə vurmur.

Özbəkistan qardaş ölkədir, mütəffiq dövlətimizdir. ABŞ ilə 35 milyard dollarlıq yeni müqavilələri razılaşdırır. Həmçinin Qazaxıstan 10 milyard dollara qədər yeni sazişlər planlaşdırır. Lakin perspektiv məqamda bu rəqəmlər qat-qat dəyişəcək. O cümlədən, regionun nadir torpaq elmentləri və qiymətli yataqların işlənməsi ilə əlaqədar məsələlərdə Azərbayxan önəmli rol oynayacaq.

Bundan başqa, faktiki olaraq Ağ Evdə görüşləri ilk dəfə prezident İlham Əliyev keçirdi. Sanki dövlətlərə ən düzgün mesajları Azərbaycan lideri verdi. Rəsmi Bakının bu mövqeləri açıq desək, bütün müttəfiqlərimizə təsir etdi. Onlar bu gün xarici siyasət hədəflərində məhz bu yolu getməyi qət edirlər.

- Azərbaycanın son illərdə yürütdüyü siyasət tariximizdə necə imza qoyub?

- Azərbaycanın mövcud addımları Rusiya və digər dövlətlərdə çox ciddi qıcıq doğurur. Lakin real mənzərə budur ki, bu gün Azərbaycan strategiyalarını özü müəyyənləşdirir. Lakin əvvəlki dövrlərdə bu, mümkün olmayıb. Bizi Kürəkçay, Türkəmançay və Qars müqavilələrinə dəvət ediblər. Taleyimiz başqa masalarda, yad əllərdə, ayrı dövlətlərin və ya hökmran qüvvələrin iradəsilə müəyyənləşib. Zəngəzur dəhlizinin Azərbaycan hissəsi ilə bağlı layihələr bundan sonrakı dövr kommunikasiyaların açılması, xüsusilə də “Tramp yolu”nun gerçəkləşməsinə böyük inam verir.

- Ermənistan “Tramp yolu” ilə bağlı mövqeyini dəyişə bilərmi?

- Bu məsələ ilə bağlı Paşinyan bir neçə ili itirmiş oldu. Görünən mənzərə o idi ki, Ermənistan Rusiyanın basqısı altından çıxmağın yollarını axtardı və bəlkə də məhz prezident İlham Əliyevin liderliyi ilə buna nail oldu. Əks halda 8 avqust Vaşinqton razılaşmaları gerçəkləşməyəcəkdi. Bu, regionun strategiyası və qələbəmizin legitimliyini tanıyan bir hadisə idi. Artıq həmin razılaşmaların həyata keçirilməsi üçün bir həftə öncə Paşinyan öz fikirlərini açıq mətnlə dilə gətirərək bildirdi ki, bu barədə Kopenhagendə prezident İlham Əliyevlə razılaşmaları var. Söhbət ondan gedir ki, ABŞ “Tramp” yolu üçün qısa müddətdə 100 milyon dollarla investisiya yatırmalıdır. Dəmiryolu infrastrukturu qurulmalı, Naxçıvan hissəsi ilə birləşdirilərək Türkiyənin vasitəsilə coğrafiyada spekulyasiya etməli və layihə gerçəkləşməlidir. İndiki halda ilin sonuna qədər texniki baxımdan işin reallaşması gerçəknolmasa da, bu tranzit məhdudiyyətlərinin aradan qalxması Azərbaycanın hələ Sovet dövründə mövcud olan dəmiryolu arteriyaları vasitəsilə əlaqələrə qurmasına imkan verir. Bu, sülh gündəliyini və Ağ Evdəki anlaşmaları irəliyə aparmaq üçün çox mühüm siqnaldır. Bu gün sülh gündəliyi üzrə işlər aparılır. Azərbaycan və Ermənistanın bu məsələ ilə ciddi israrı var.

- Zəngəzur dəhlizindən ilkin mərhələdə 15 milyon ton yükdaşımanın nəzərdə tutulması barədə nə deyə bilərsiniz?

- Yükdaşımaların ilkin mərhələdə 15 milyon tona çatması perspektiv planlardır və gerçəkdir. Ölkə rəhbəri dəfələrlə bildirib ki, Cənubi Qafqazın digər coğrafi və siyasi subyektlər, iqtisadi məkanlar kimi inkişaf erməməsinin səbəbi işğalla bağlıdır. Həyata keçirilən təcavüzkarlıq əməlləri nəticəsində bölgədəki bütün proseslər dondurulub, düşmənçilik iqtisadi və normal birgə yaşayış məntiqinə zidd atılan addım olub. Reallıq budur ki, Cənubi Qafqazda onlarla layihələr reallaşa bilərdi və yüzlərlə kommunikasiyaların açılması baş tuta bilərdi.

Azərbaycanın başlıca məqsədi təkcə Qarabağın xilasını deyil, eyni zamanda bütöv uğuru Qafqazın gələcək taleyində önəmli faktora çevirməkdir. Əks halda 90-cı illərdəki ermənilərin özlərinin qazanmadığı bir uğura bənzəyər ki, biz buna qətiyyən yola verə bilmərik. Ali Baş Komandanın qarşıya qoyduğu və sistemli şəkildə ardıcıl addımlar atdığı bir siyasəti müşahidə edirik. Orta Asiya ölkələrinin liderləri ilə keçirilən görüşlər və anlaşmalar sözügedən strategiyanın tərkib hissəsidir.

- Azərbaycanın qələbəsinin coğrasiyasını genişləndirməsi tarixdə hansı ilklərə səbəb olub?

- Biz qələbəmizin coğrafiyasını yaymalıyıq. Qafqaza sülhün, əmin-amanlığın və barışın gəlməsini təmin etməyə iddialıyıq. Bu proqramın reallaşmasına tam zəmanət var. Çünki bunun üçün xalqımızın iradəsi və gücü var. Ali Baş Komandanın qlobal siyasətdə yeri var. Hətta ABŞ Prezidenti Donald Tramp özünün sosial şəbəkə hesablarında ən azı 7-8 dəfə Azərbaycanın adını çəkib və ya konkret olaraq ölkə başçısı İlham Əliyevə son dərəcə heyranlığını ifadə edən paylaşımlar edib. İndiyə kimi Azərbaycanın siyasi liderlərinin qalereyasında belə bir hadidə yaşanmayıb ki, dünyanın əsas gücünün birinci şəxsindən dövlət başçımıza bu cür xoş münasibət göstərilsin. Bu, həm də qələbəmizin tanınması və layihələrimizin həyata keçirilməsinə olan dəstəkdir.

Gülşən Şərif


SON XƏBƏRLƏR