Erkən yaş dövrü uşaqlarda nitq və ümumi inkişaf baxımından ən həssas mərhələ hesab olunur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova deyib.
Onun sözlərinə görə, 1-6 yaş aralığı uşağın nitq inkişafı üçün risk və eyni zamanda ən həssas dövrdür:
“Bu yaş dövrü nitqin formalaşması baxımından çox vacibdir. Valideynlər çalışmalıdır ki, bu mərhələdə uşaqların psixoloji və emosional vəziyyəti stabillikdə qalsın, stress faktorları minimum olsun və uşağın inkişafına mənfi təsir edən hallar yaşanmasın”.
A.Ələkbərova bildirib ki, bu dövrdə ekran istifadəsi ciddi şəkildə məhdudlaşdırılmalıdır:
“Telefon, planşet və televizor kimi cihazlardan mümkün qədər uzaq durmaq lazımdır. Bunun əvəzinə canlı ünsiyyətə üstünlük verilməlidir. Uşaqla birbaşa danışmaq, oyun oynamaq və zaman keçirmək nitq inkişafı üçün daha effektivdir”.
Loqoped qeyd edib ki, emosional ünsiyyət idrak və nitq inkişafı ilə birbaşa bağlıdır:
“Uşağın emosional intellekti nə qədər inkişaf edərsə, idrak fəaliyyəti də bir o qədər güclənir. Bu da avtomatik olaraq nitqə müsbət təsir göstərir”.
Onun sözlərinə görə, valideynlərin aktiv iştirakı inkişaf prosesində əsas rol oynayır:
“Valideynlər uşaqlara yeni sözlər öyrətməli, onlarla daha çox ünsiyyət qurmalı, musiqi dinləməli və nağıl oxumalıdırlar. Xüsusilə canlı və görüntüsüz ünsiyyət uşağın dinləmə və şifahi nitq bacarıqlarını inkişaf etdirir”.
A.Ələkbərova vurğulayıb ki, bu dövrdə düzgün yanaşma uşağın gələcək nitq və sosial bacarıqlarını formalaşdırır:
“Erkən yaşda düzgün stimullaşdırma uşağın həm nitqini, həm də ümumi inkişafını sağlam şəkildə formalaşdırır”.
Zeynəb Rzayeva
Bakı 




