Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, bu məqsədlə 15 may 2026-cı il tarixində nazirliyin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun ixtisaslaşmış tibbi heyəti Cəbrayıl şəhərində növbəti tibbi-humanitar aksiya həyata keçirib.
Səfər çərçivəsində bölgə sakinlərinə konsultativ və profilaktik tibbi xidmətlər göstərilib. Tibbi heyətin tərkibində 6 mama-ginekoloq, 1 ultrasəs müayinəsi üzrə həkim, 1 neonataloq, 1 mama və 1 tibb bacısı yer alıb.
Aksiya zamanı qadınlar üçün geniş ginekoloji müayinələr aparılıb, reproduktiv sağlamlıq, hamiləliyin planlaşdırılması, sonsuzluq, hormonal dəyişikliklər və hamiləlik dövründə tibbi nəzarət mövzularında konsultasiyalar təqdim olunub. Ultrasəs müayinələri vasitəsilə pasiyentlərin sağlamlıq göstəriciləri qiymətləndirilib, hər bir müraciət edən şəxsə fərdi tibbi tövsiyələr verilib.
Səyyar tibbi xidmət yalnız qadın sağlamlığı ilə məhdudlaşmayıb. Körpə və uşaqlar neonataloq tərəfindən müayinə olunaraq onların sağlamlıq vəziyyəti dəyərləndirilib. Valideynlərlə aparılan maarifləndirici söhbətlərdə düzgün qidalanma, erkən inkişaf mərhələləri, immunitetin qorunması və mütəmadi tibbi nəzarətin əhəmiyyəti xüsusi vurğulanıb.
Tibbi aksiya zamanı 120 nəfər müayinədən keçirilib.
Həkimlərin əhali ilə keçirdiyi maarifləndirici görüşlərdə ana və uşaq sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, profilaktik müayinələrin vacibliyi və sağlam həyat tərzinin təşviqi əsas mesaj kimi ön plana çıxıb.
Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən bu cür səyyar tibbi-humanitar aksiyalar regionlarda yaşayan vətəndaşların ixtisaslaşmış tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, xüsusilə qadın və uşaq sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bakı 















