q
  • Bakı 21° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.2989

Hörmüzdə yeni oyun: İran boğazı tam bağlamır, qaydaları dəyişir

DÜNYA

15 May 2026 | 13:07

Hörmüzdə yeni oyun: İran boğazı tam bağlamır, qaydaları dəyişir

Hörmüz boğazı ətrafında vəziyyət yenə kəskinləşib. İranın xarici işlər naziri Abbas Əraqçinin boğazdan keçən bütün gəmilər İran donanması ilə “əməkdaşlıq etməlidir” fikri Tehranın boğaz üzərində faktiki nəzarət iddiasını gücləndirdiyini göstərir.

İran bəzi Çin gəmilərinin keçidinə icazə verməyə başlayıb. Bu addım Pekinlə ayrıca anlaşma kimi təqdim olunur və göstərir ki, İran Hörmüzü tam bağlamaqdan daha çox seçici nəzarət mexanizminə keçir: dost ölkələrin gəmilərinə yol açır, rəqib və ya şübhəli saydığı istiqamətlərə təzyiq saxlayır. 

Gəmilərə hücum və saxlanılma xəttində də yeniliklər var. BƏƏ sahilləri yaxınlığında Honduras bayraqlı bir gəminin naməlum şəxslər tərəfindən ələ keçirildiyi və İran sularına doğru aparıldığı bildirilir.

Bundan başqa, Küveytin dörd iranlını saxlaması ilə bağlı Tehran sərt etiraz edib. Küveyt isə həmin şəxslərin İran İnqilab Keşikçiləri ilə bağlı olduğunu iddia edir. Bu, artıq yalnız ABŞ-İran qarşıdurması deyil, Körfəz ölkələrinin də prosesə cəlb olunduğu daha geniş təhlükəsizlik böhranıdır. 

Hərbi baxımdan ən narahatedici məqam İranın Hörmüzdə sürətli qayıqların və kiçik sualtı vasitələrin aktivliyini artırmasıdır. “Wall Street Journal”ın istinad etdiyi dəniz müşahidə məlumatlarına görə, son günlər İnqilab Keşikçiləri ilə əlaqələndirilən yüzlərlə sürətli qayığın boğazda hərəkəti qeydə alınıb. Bu taktika böyük müharibə elan etmədən, ticarət gəmilərinə, tankerlərə və ABŞ hərbi mövcudluğuna psixoloji və əməli təzyiq yaratmaq məqsədi daşıyır. 

Ümumi nəticə belədir: savaş riski azalmayıb, sadəcə forması dəyişib. Hazırda tammiqyaslı müharibədən daha çox “nəzarətli eskalasiya” gedir: İran boğazı bağlamır, amma keçid qaydalarını öz şərtləri ilə diktə etməyə çalışır; ABŞ və müttəfiqləri isə gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün hərbi mövcudluğu artırır. ABŞ və Çinin Hörmüzün hərbiləşdirilməməsi mövqeyində yaxınlaşması bazarlara sakitləşdirici siqnal versə də, real sahədə gəmilərin saxlanılması, hücum iddiaları və patrul aktivliyi davam etdikcə neft qiymətləri və enerji təhlükəsizliyi üçün risk yüksək qalacaq.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR

14 May 2026