Bakının Yasamal rayonunda evdə baş verən yanğın zamanı xəsarət alan olmayıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini Ruslan Pirəlizadə deyib.
O bildirib ki, Vidadi küçəsində evdə baş verən yanğınla bağlı FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub:
"Məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub. Hər mərtəbəsi 60 kvadratmetr olan taxta konstruksiyadan ibarət kommunal tipli yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlərin reaksiyası nəticəsində yanğının digər evlərə keçməsinin qarşısı alınıb. Yanğın tam söndürülüb, xəsarət alan olmayıb".
***
16:39
Bakının mərkəzində fərdi yaşayış evində baş verən yanğın söndürülüb.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, Vidadi küçəsində yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.
Evin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.
***
16:05
Bakının Yasamal rayonu Vidadi küçəsində fərdi yaşayış evində yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, yanğın iki mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
***
15:47
Bakının mərkəzində fərdi yaşayış evində yanğın başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, yanğın Dövlət Dram teatrının yaxınlığında baş verib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər keçirilir.
Bakı 




