• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Səhiyyə islahatları yeni mərhələdə: Əlçatanlıq və keyfiyyət hədəfi güclənir

SİYASƏT

15 Aprel 2026 | 15:56

Səhiyyə islahatları yeni mərhələdə: Əlçatanlıq və keyfiyyət hədəfi güclənir

Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar yeni mərhələyə qədəm qoyur.

TƏBİB-in yeni icraçı direktorunun təyin olunması bu prosesin daha da sürətləndirilməsi və sistemli şəkildə davam etdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Bu dəyişiklik yalnız kadr yenilənməsi deyil, eyni zamanda səhiyyə idarəçiliyində çevik, nəticəyönümlü və vətəndaş məmnunluğuna əsaslanan yeni yanaşmanın tətbiqinə keçidi ifadə edir.

Yeni mərhələdə əsas prioritetlərdən biri tibbi xidmətlərdən vətəndaş məmnunluğunun artırılmasıdır. Bu məqsədlə xidmət keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın genişləndirilməsi və müraciətlərə daha operativ reaksiya verilməsi istiqamətində kompleks addımların atılması gözlənilir.

Paralel olaraq, səhiyyə və sosial müdafiə sistemləri arasında koordinasiyanın gücləndirilməsi, xidmətlərin daha effektiv və inteqrasiya olunmuş şəkildə təqdim edilməsinə imkan yaradacaq.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Müşfiq Məmmədli deyib ki, bu təyinat, təbii ki, səhiyyədə aparılan islahatlar prosesinin məntiqi davamıdır: 

"Artıq bu proses yeni mərhələyə qədəm qoyub və qarşıdakı dövrdə tibbi xidmətin əlçatanlığının daha da artırılması, əhalinin məmnunluğunun təmin olunması, xidmətlər zərfinin genişləndirilməsi, eləcə də keyfiyyət və çeşidin artırılması istiqamətində mühüm addımların atılması gözlənilir".

Müşfiq Məmmədli: Əminliklə demək olar ki, onun rəhbərliyi ilə bu uğurlar qarşıdakı dövrdə də davam etdiriləcək

Onun sözlərinə görə, Anar Bayramov həm praktiki səhiyyə sahəsində uzun illər çalışmış təcrübəli həkim, həm də sığorta təbabəti sahəsini dərindən bilən, elmi araşdırmaları olan gənc və savadlı kadr kimi indiyədək fəaliyyətində ciddi uğurlar əldə edib: 

"Əminliklə demək olar ki, onun rəhbərliyi ilə bu uğurlar qarşıdakı dövrdə də davam etdiriləcək.Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən səhiyyə islahatları artıq keyfiyyətcə yeni mərhələyə daxil olub. Xüsusilə icbari tibbi sığorta sahəsində qəbul edilən qərarlar, qarşıya qoyulan strateji məqsədlər və onların icrası istiqamətində atılan addımlar, o cümlədən, Dövlət Tibbi Sığorta Agentliyinin yaradılması bu sahədə dönüş nöqtəsi hesab olunur".

Parlament üzvü söyləyib ki, İcbari Tibbi Sığorta Fondunda toplanan vəsaitlərin daha səmərəli idarə olunması, sosial dövlət modelinə uyğun şəkildə səhiyyənin maliyyələşdirilməsində mühüm rol oynaması gözlənilir. Bu yanaşma həm də sosial müdafiə mexanizmlərinin gücləndirilməsinə xidmət edir:

"Bütün bunların fonunda şəffaflığın, əlçatanlığın və islahatların davamlılığının təmin olunması, TƏBİB-də həyata keçirilən dəyişikliklər bu sahədə ümidləri daha da artırır. Ümumilikdə, aparılan islahatların məntiqi nəticəsi olaraq daha əlçatan, daha keyfiyyətli və müasir səhiyyə xidmətinin formalaşacağı gözlənilir".

Əli Hüseynov


SON XƏBƏRLƏR