Mediada son günlərin müzakirə olunan məsələlərindən biri, bəlkə də birincisi elə medianın özü ilə bağlıdır. Belə ki, MEDİA-nın qəzet və saytlara dəstək layihəsi üzrə müsabiqəsindən sonra mətbuatda geniş müzakirələr başlayıb.
Elə Bakıvaxtı.az da bununla bağlı Əməkdar jurnalist, professor Qulu Məhərrəmli ilə həmsöhbət olub. Təbii ki, professor digər suallarımızı da cavablandırıb.
Qulu Məhərrəmli ilə müsahibəni təqdim edirik:
Qəzet öz oxucusunu, oxucu öz qəzetini tanımır, ona güvənmir
- Son günlər mətbuatla bağlı geniş müzakirələr aparılır. Ölkədə nəşr olunan qəzetlərin əksəriyyətinin yanvar ayından həftəliyə keçəcəyi ehtimal olunur. Bu arada onlayn media subyektlərinə ayrılacaq vəsait də atırılıb. Kimi deyir qəzətlər daim yaşamalıdır, kimi deyir, oxunmursa, o qədər vəsaitin hədər xərclənməsinə ehtiyac yoxdur. Sizin münasibətiniz necədir?
- Media siyasəti reallığa əsaslanmalıdır. Hesab edirəm ki, gündəlik və həftəlik qəzetlər olmalıdır. Elektron media da inkişaf etməlidir. Əlbəttə, hazırda ən çox oxunan onlardır. Hər kəsin əlində bir telefon var, məlumatları oradan alırlar. Heç kim elektron qəzetlərin oxunmasına dair təminat vermir. Hamı baxır, keçir. Söhbət keyfiyyətli mediadan gedir. Qəzet keyfiyyətli çıxa bilirsə, azaddırsa, gündəlik hadisələri cəmiyyətə güzgü kimi göstərirsə, onu oxuyacaqlar. Amma indi proseslər o şəkildə gedir ki, bizim qəzetlərin gücü o səviyyədə deyil.
Qəzetlərin təbliği vacibdir. Yaponiyada qəzetlər var ki, 1,5, 2 və 10 milyon tirajla çıxırlar. Pulsuz çıxan qəzetlər də mövcuddur. Böyük Britaniyada metroda pulsuz paytlanan qəzetlər var ki, insanlar onları götürüb oxuyurlar, xəbərlərlə tanış olurlar. Qəzetləri yaşatmağın yolu tapılmalıdır. Heç də, hər şey maliyyə ilə bağlı deyil. Bu istiqamətdə düşünüb, çox səmərəli yollar tapmaq mümkündür.
- Oxucular da qəzetlərin taleyinə biganə yanaşırlar...
- Bizdə oxucu qıtlığı, oxucu laqeydliyi var. Redaksiya ilə oxucular arasında bağlar qırılıb. Auditoriya parçalanıb, seqmentlər dağılıb. Qəzet öz oxucusunu, oxucu öz qəzetini tanımır, ona güvənmir. Bu cür qarşılıqlı etimadsızlıq media üçün ciddi problemdir.
Yanaşmam odur ki, kağız qəzet də, elektron qəzet də daha ciddi şəkildə auditoriyaya nüfuz etməlidir. Yalnız bu şəraitdə medianın harmonik inkişafından danışa bilərik.
Ermənistan ictimaiyyəti və sağlam düşünə bilən hər kəs indiki reallığı görür
- Gündəmin daha çox müzakirə olunan mövzusu Azərbaycanla Ermənistan arasında yekun sülhə dair məsələdir. Bununla bağlı loyal, yumşaq açıqlamalar tirajlanır. “Tramp yolu”nun işə salınması barədə də müsbət mesajlar var. Sizcə, bütün bu proseslər yekun sülhü sürətləndirə bilərmi?
- Mənə elə gəlir ki, indi gedən proseslər hər iki tərəf üçün tarixi fürsətdir. Prosesdə maraqlı olan tərəflər də - Türkiyə, ABŞ və Fransa - bu işə dəstək ifadə edirlər. Vaxtilə Ermənistanda ekstremizmə müəyyən dərəcədə dəstək verən Qərb partnyorlar da aydın şəkildə dərk edirlər ki, bütün məsələlərin sonu sülhlə bitir. İndiki proseslər də buna doğru aparır. Hər iki tərəfdən - Azərbaycan və Ermənistan - mülayim, yumşaq bəyanatlar verilir. Dəmir yolunun işə salınması, nəqliyyat kommunikasiyasının tamamilə açılması vədi Ermənistanda müəyyən ümidlər oyadır. Türkiyə proseslərdən razıdır. İran müəyyən məsələlərdə aqressiv olsa da, bu proseslərə qarşı deyil. Gedişatla barışmalı olub. Bütün proseslərə rəğmən yekun sülh müqaviləsinin imzalanması reallığa uyğun gəlmir.
- Hansı reallığa uyğun deyil?
- Bu o zaman uyğun olacaq ki, Ermənistan Konstitusiyasında dəyişiklik aparılsın, ərazi iddiaları geri götürülsün. Azərbaycanın ən böyük və birinci şərti budur. Bundan sonra prosesin işə salınması mümkündür. Ola bilər ki, yekun sülhə dair gedişat da sürətlənsin. Çünki Ermənistan ictimaiyyəti və sağlam düşünə bilən hər kəs indiki reallığı görür. Bu proseslərdə ən böyük inqilabi çevrilişi edən Nikol Paşinyandır. O da bu məsələləri inadkarcasına davam etdirir. Artıq Ermənistanda əhalinin çoxluğu, sadə insanlar nə baş verdiyini, öz həyatlarının dəyişdiyini açıq şəkildə görürlər. Ona görə inam var, real şərait var, amma böyük sülh müqaviləsinin imzalanması konkret addımlardan sonra mümkün olacaq.
- Sələflərinin Paşinyana qarşı bir dirənişi var, onlar 2026-cı ildə Ermənistanda baş tutacaq parlament seçkilərinə aylar qalmış sanki revanşa hazırlaşırlar. Paşinyanın siyasi addım və qərarlarını qarış-qarış təftiş edirlər, ona dair tənqidi ruhda müsahibələr verirlər...
- Bu da bir tarixi reallıqdır. Çünki Serj Sarkisyan, Robert Köçəryan, hətta Levon Ter-Petrosyanın da çox ciddi səhvləri var. Onların Ermənistanın gələcəyi, xalqın taleyi baxımından buraxdığı ciddi nöqsanları var. Tarix indiki halda real düşncəsi və onları həyata keçirə bilmək qabiliyyətinə görə Paşinyanı önə çıxarır. Rusiya Sarkisyan və Köçəryana dəstək verir. Putinlə Köçəryan arasında danışıqlar haqqında müzakirələr gedir. Mənə elə gəlir ki, onların yenidən hakimiyyətə gəlmələri, revanş götürmələri mümkünsüzdür. Reallıq buna imkan vermir. Nikol Paşinyan da onları məharətlə ifşa edə bilir. Sadə təbliğatın dili ilə əhaliyə anlada bilir ki, geriyə yol yoxdur. Amma Rusiya çalışır. Onun çalışmaları müqabilində Ermənistanın da müttəfiqləri boş dayanmırlar. Fransa və Amerika Paşinyana ciddi dəstək verir, Türkiyə yumşaq siyasətini işə salıb, anlatmağa çalışır ki, Ermənistan xalqının gələcəyi qonşularla dinc münasbətdə, çiçəklənməkdə, dialoq və sülhdədir. Bu proseslər gedir.
- Azərbaycamda 8 Noyabr - Zəfər Günündə keçirilən paraddan sonra Türkiyənin hərbi helikopteri vuruldu, Pakistanda partlayışlar oldu. Bu hadisələrdən sonra sanki media bu işdə “Rusiya izi” axtarmağa başladı. Sizcə, niyə, həmişə belə olaylarda “Rusiya izi” axtarılır?
- Reallıq bundan ibarətdir ki, indi nə baş verirsə-versin hətta onun “əli” olmasa belə, hər kəs “Rusiya izi” axtarır. Rusiya özünü bu cür tanıdıb, Rusiyanın siyasəti belədir. Bu ölkə bütün dünya, Avropa, hətta öz müttəffiqləri, keçmiş dostları və nəhayət hamı üçün ciddi bir təhlükədir. Amerika prezidenti Rusiyanın müttəfiqlərini hədələyərək, sanksiyaya cəlb etməklə qorxudur. Bu o deməkdir ki, Rusiya bütün dünya üçün təhlükədir. Sözügedən hadisələrin sinxron şəkildə baş verməsi əlbəttə, belə şübhələr yaradır. Rusiya yaralanmış şir kimi bütün vasitə və mexanizmlərdən istifadə edir ki, özünün mövcudluğunu saxlasın, guya dünyada ikinci güc olduğunu göstərsin, amma bunların perspektiv baxımından əhəmiyyəti yoxdur. Rusiya qüruba gedən, batmaqda olan gəmidir. Ona görə çabalamaqlarının qonşularına heç bir ziyanı yoxdur.
İki azərbaycanlının bir-biri ilə başqa dildə danışması simasızlıqdır
- Ötənlərdə Azərbaycan Milli Elmlər Akademiyasının yubileyində Prezident İlham Əliyev dolğun çıxış etdi və Azərbaycan dilinin saflığının qorunmasına diqqət çəkdi. Amma biz hələ də paytaxt küçələrində öz dilində danışmağı özünə ar bilənlərə rast gəlirik. Sizcə, daha nələr edilməlidir ki, artıq hər kəs ana dilində danışmaqla qürur duysun?
- Elə şeylər var ki, rəsmi sənədlərlə deklarativ şəkildə həll olunmur, o cümlədən də ana dili məsələsi.
- Dilin təəssübünü kimlər çəkməli, dilin statusunu kimlər qorumalıdır?
- İlk növbədə dil daşıyıcıları. İki azərbaycanlının bir-biri ilə başqa dildə danışması simasızlıqdır. Dil bizim milli varlığımızın ifadə formlarından birincisidir. Tarixi ruhumuz, tarixi yaddaşımız, qan yaddaşımız dilimizdədir. Ona görə də dili qorumaq, dillə nəfəs almaq çox önəmlidir.
Bizdə şəhərin mərkəzində, küçələrdəki reklamlar, çağırışlar, xarici dillərdə olan yazılar həddindən artıq çoxdur. Prezidentin də çıxşının əsas məğzi bundan ibarətdir ki, dilin saflığı qorunsun. Paradoks odur ki, rəsmi sənədlərdə dil haqqında ciddi problemlər qoyulur, amma təcrübədə bunlar özünü göstərmir. Müstəqillik dövründə ana dili haqqında, dövlət dili haqqında qanun var. 20-dən çox fərman, sərəncan imzalanıb. Hətta xarici ölkələrdə diaspor məktəblərindən tutmuş, xarici məktəblərdəki ana dili problemlərinə qədər ciddi sənədlər mövcuddur. Heyf ki, vətəndaşlaırmız, bu dilin daşıyıcıları ona lazımi əhəmiyyət vermir.
- Bütün bunlar dilə təhlükə yaradırmı?
- Düzdür, dillə bağlı ciddi təhlükə yoxdur. Ona görə ki, dil istifadə olunur, mediada işlənir, tətbiq dairəsi genişlənir, bütün sahələrdə ana dili öndədir. Dilin tədrisi ilə bağlı da problemlər var. Onları aradan qaldırmaq lazımdır. Dilin öz imkanları ola-ola alınma sözlərin işlənməsi lazımsızdır. Bəzən ingilis, rus sözlərindən istifadə dilin konstruksiyalarını, ifadə tərzini pozur. Mütaliə olmayanda, tədris ana dilində alınmayanda bu, dil üçün problemlər yaradır. Başqa dilin konstruksiyaları, intonasiyası, ifadə tərzindən istifadə olunur və bu da dilə zərbədir. Ali və orta məktəblərdə ana dilinin tədrisi nitq mədəniyyəti fənninin tədrisi, dillə bağlı nəşrlərin, kitabların, verilişlərin olması çox önəmlidir. Bunlar özünə hörmət edən toplum, dövlət və millətin adi qayğılarından biridir. Konkret addımlar atılmalıdır.
Bizim nə qədər, savadsız, səviyyəsiz, öz predmetini dərindən bilməyən müəllimlərimiz var
- Bu günlərdə elm və təhsil naziri Emin Əmrullayev açıqlama verdi ki, müəllimlərin əmək haqqı, ştata görə deyil, saata görə hesabalanacaq. Yəni müəllim saat 9:00-dan 18:00-a qədər məktəbdə çalışmalı olacaq. Sizcə, bu addım təhsili ayrı-ayrı evlərdən, kurslardan çıxarıb, məktəblərə qaytara biləcəkmi?
- Orta məktəblərdə sistem elə qurulub ki, hər şey nəticəyə hesablanır. Yəni valideyn hesab edir ki, övladı məktəbdə heç nə qazanmır, qazanmış olsa belə, tədris saatında deyil, dərsdən sonra repetitorun gücü ilə qazanır. Əsas məsələ müəllimlərin vicdanlı, dürüst olmasıdır. Bu, orta məktəbdə də elədir, ali məktəbdə də.
Mən ali məktəbdə dərs deyirəm və tədrisin təşkili ilə də məşğul oluram. Görürəm ki, bizim nə qədər, savadsız, səviyyəsiz, öz predmetini dərindən bilməyən müəllimlərimiz var. Onların auditoriyalara buraxılması günahdır, qəbahətdir. Eləcə də orta məktəblərdə vəziyyət belədir. Bir müəllim biliyi dərsdə deyil, evində verirsə, bu, cinayətdir. Bunun qarşısını almaq üçün müəllimləri məktəbdə dustaq saxlamağın heç bir faydası yoxdur. Dərslərin aparılması, tədrisin meyarları dəqiq müəyyənləşdirilməlidir ki, şagirdlər daha çox öyrənsinlər, daha çox bilik qazansınlar ki, repetitora ehtiyac qalmasın. Müəllimlərin maaşını artırmağa ehtiyac var. Bunlar effekt verə bilər. Elə məsələ var ki, inzibati yolla tənzimlənmir, eləsi də var inzibati yolla əldə olunan bilər. Bizdə hüququn inkişaf səviyyəsindən asılı olaraq, hələlik inzibati qaydalara əl atmalı olurlar. Bunun da çox effektli olacağına inanmıram.
Aydın Baxış
Bakı 



