Yaxın Şərqdə gərginliyin davam etdiyi bir mərhələdə ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatları "tapşırıqları yerinə yetirilib" kimi qiymətləndirərək münaqişənin yekunlaşdırılmasına hazır olduğunu bəyan edib
Bu bəyanat münaqişənin hərbi fazasından diplomatik mərhələyə keçidin başlanğıcı kimi qiymətləndirilə bilərmi?
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Yaxın Şərqdə baş verən hərbi münaqişə hazırda dalana dirənmiş vəziyyətdədir. ABŞ bu münaqişəyə milyardlarla dollar vəsait xərcləyib, eyni zamanda dünyada Vaşinqtona qarşı etiraz və müqavimət meylləri də güclənməkdədir:
"Buna paralel olaraq İran ciddi və sarsıdıcı zərbələr alıb. Mövcud vəziyyət hər iki tərəf üçün müəyyən fasilə və ya atəşkəs ehtiyacını aktuallaşdırıb. Məhz bu səbəbdən tərəflər arasında ziddiyyətlərə baxmayaraq, atəşkəs razılaşması əldə olunub və danışıqlar masası qurulub. Lakin bu proses gözlənilən nəticəni verməyib".
Ekspert qeyd edib ki, Yaxın Şərqdə münaqişənin yaxın zamanda sona çatacağı ehtimalı inandırıcı görünmür. ABŞ və İranın sülh şərtləri kəskin şəkildə ziddiyyət təşkil edir və bu, vəziyyəti daha da mürəkkəbləşdirir. Tehran Vaşinqtonun irəli sürdüyü tələbləri qəbul etmir, əvəzində öz şərtlərini təqdim edir. Ağ Ev isə bu təkliflərə maraq göstərmir:
"Nəticədə hər iki tərəf çıxılmaz vəziyyətdə görünür. Mövcud gedişat münaqişənin yenidən alovlana biləcəyini göstərir. Siyasi-diplomatik mərhələnin nəticəsiz qalması və iflasa uğraması ehtimalı artır. Belə bir ssenaridə münaqişənin daha genişmiqyaslı müharibəyə çevrilməsi də istisna edilmir.
Hazırda tərəflər öz mövqelərində israrlıdır. Bu isə situasiyanın nəzarətdən çıxma riskini yüksəldir. Siyasi-diplomatik cəhdlərin effektiv nəticə verməyəcəyi artıq müşahidə olunur. ABŞ bölgəyə əlavə hərbi qüvvələr göndərir. İranın nəzarətə götürdüyü Hörmüz boğazı ətrafında isə Vaşinqtonun əlavə blokada tədbirləri diqqət çəkir".
.jpg)
Elçin Xalidbəyli: Müharibənin yaxın zamanda bitməsi ehtimal olunmur
Müsahibimiz bildirib ki, Hörmüz boğazı dünya iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan əsas düyün nöqtələrindən biri olaraq qalır. Burada gərginliyin artması qlobal iqtisadi böhran riskini də yüksəldir:
"Bütün bu amillər onu deməyə əsas verir ki, sülhlə bağlı verilən açıqlamalar reallığı tam əks etdirmir və ciddi ümid vəd etmir. Əksinə, dünyanın aparıcı dövlətləri daha uzunmüddətli və qlobal miqyasda xaosa səbəb ola biləcək bir mərhələyə hazırlaşır. Bu mərhələ Yaxın Şərqdə münaqişənin yenidən alovlanaraq daha geniş coğrafiyaya yayılması ehtimalı ilə xarakterizə olunur. Nəticə etibarilə, müasir dünya olduqca təhlükəli və qeyri-sabit proseslərlə üz-üzə qala bilər".
Zeynəb Rzayeva
Bakı 




