Antalya Diplomatiya Forumu çərçivəsində keçiriləcək qeyri-rəsmi toplantı, Türk Dövlətləri Təşkilatı (TDT) məkanında siyasi koordinasiyanın gələcək dinamikasını müzakirə etmək baxımından mühüm platforma kimi çıxış edir.
Xüsusilə artan qlobal qeyri-müəyyənlik, təhlükəsizlik çağırışları və iqtisadi transformasiyalar fonunda bu format Türk Dövlətləri Təşkilatı daxilində siyasi koordinasiyanın dərinləşməsi və institusional əməkdaşlıq mexanizmlərinin daha sistemli xarakter alması baxımından yeni imkanlar açır.
Bu kontekstdə “qeyri-müəyyənliklərlə mübarizə” mövzusu türk dövlətlərinin xarici siyasət prioritetlərini daha proaktiv, çevik və risklərə adaptasiya olunan strategiyalar üzərində yenidən formalaşdıra bilər.
Beləliklə, həm regional inteqrasiya gündəliyinin güclənməsi, həm də kollektiv qərarvermə mədəniyyətinin inkişafı TDT-nin beynəlxalq sistemdə daha koherent və təsirli aktor kimi çıxış etməsinə zəmin yaradır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov deyib ki, diplomatik formatın yaxın zamanda başlayacağı gözlənilir:
"Dünyanın müxtəlif ölkələrindən hökumət və dövlət rəsmiləri, siyasi liderlər, diplomatlar və ekspertlər burada iştirak edəcəklər. Görüş çərçivəsində regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Qlobal gündəmi maraqlandıran bir sıra mövzular da diqqət mərkəzində olacaq".

Kazım Kazımov: Belə geniş tərkibli bir toplantının keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir
Onun sözlərinə görə, xüsusilə regionda baş verən proseslər - İran, ABŞ və İsrail arasında gərginlik, Suriyanın yenidən qurulması, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi strateji layihələr müzakirə ediləcək. Eyni zamanda Rusiya–Gürcüstan münasibətləri və digər aktual beynəlxalq məsələlər də gündəmə gətiriləcək:
"Bundan əlavə, tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün də keçirilməsi nəzərdə tutulur. Bu görüşün xüsusi əhəmiyyət kəsb edəcəyi şübhəsizdir. Hələlik rəsmi format tam təsdiqlənməsə də, belə bir görüşün təşkil olunması Türk dövlətləri arasında siyasi koordinasiyanın gücləndirilməsinə xidmət edəcək".
Sonda o diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi məsələsi, xarici siyasət əlaqələrinin inkişafı və ortaq siyasi baxışların formalaşması kimi mövzuların gündəmə gələcəyi gözlənilir:
"Belə geniş tərkibli bir toplantının keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir və Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığın daha da gücləndiyini nümayiş etdirir. Bu isə müsbət bir tendensiya kimi qiymətləndirilə bilər".
Əli Hüseynov
Bakı 




