q
  • Bakı 17° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Slovakiya-Azərbaycan yaxınlaşması: Avropada Bakıya ehtiyac artır

SİYASƏT

14 May 2026 | 15:11

Slovakiya-Azərbaycan yaxınlaşması: Avropada Bakıya ehtiyac artır

Qlobal siyasi böhranların, enerji təhlükəsizliyi problemlərinin və Avropa daxilində yeni tərəfdaş axtarışlarının gücləndiyi bir dövrdə Azərbaycanla Slovakiya arasında münasibətlərin inkişafı diqqət çəkir.

Slovakiya Milli Şurasının sədri Rixard Raşinin yerli informasiya agentliyinə verdiyi müsahibədə Azərbaycanın demokratik və etibarlı tərəfdaş kimi təqdim olunması, həmçinin “Slovakiyanın Azərbaycanın dəstəyinə ehtiyacı var” fikrinin səsləndirilməsi təsadüfi qiymətləndirilmir. Bu açıqlama göstərir ki, Azərbaycan artıq Avropa üçün yalnız enerji mənbəyi deyil, həm də regional sabitlik, nəqliyyat dəhlizləri və siyasi dialoq baxımından vacib aktora çevrilib. Xüsusilə Avropa İttifaqına üzv olan Slovakiya kimi ölkələrin Bakı ilə əməkdaşlığı genişləndirmək istəyi Azərbaycan-Aİ münasibətlərinə də əlavə siyasi dinamika verə bilər. Parlamentlərarası əlaqələrin güclənməsi isə dövlətlərarası münasibətlərin daha institusional və davamlı xarakter almasına şərait yaradır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki,  Slovakiya Milli Şurasının sədrinin Azərbaycanla bağlı müsbət fikirləri ilk növbədə Azərbaycanın Avropa məkanında artan siyasi çəkisinin göstəricisidir. Onun sözlərinə görə, Slovakiya rəsmisinin Azərbaycanı etibarlı tərəfdaş kimi təqdim etməsi Bakının regionda yaratdığı yeni reallıqların Avropada qəbul edildiyini göstərir:

“Burada söhbət yalnız ikitərəfli münasibətlərdən getmir, daha geniş geosiyasi mənzərə var. Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitlik baxımından Avropa üçün önəmli ölkəyə çevrilib. Slovakiya da bu reallığı nəzərə alaraq Bakı ilə daha yaxın əməkdaşlıqda maraqlı görünür. Bu cür bəyanatlar Azərbaycanla Aİ üzv dövlətləri arasında etimad mühitinin genişlənməsinə xidmət edir”.

Azərbaycan və Slovakiya arasında parlamentlərarası əməkdaşlığın güclənməsinin Avropa-Azərbaycan münasibətlərinə təsirinə gəlincə, müsahibimiz bildirib ki, parlament diplomatiyası bəzən klassik hökumətlərarası diplomatiyadan daha çevik və təsirli ola bilir. Çünki parlamentlər arasında qurulan əlaqələr siyasi dialoqu daha geniş müstəviyə çıxarır və cəmiyyətlərarası münasibətlərə də təsir edir. Politoloq görə, Slovakiya Avropa İttifaqının üzvüdür və onun Azərbaycanla bağlı müsbət mövqeyi Brüssel daxilində də müəyyən siyasi əhəmiyyət daşıyır:

“Əgər Slovakiya Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müdafiə edirsə, bu, Aİ daxilində Bakı ilə münasibətlərə daha praqmatik yanaşmanın güclənməsinə kömək edə bilər. Xüsusilə enerji, nəqliyyat, investisiya və təhlükəsizlik məsələlərində belə siyasi dəstək vacibdir. Ona görə parlamentlərarası əməkdaşlıq Azərbaycan-Avropa münasibətlərində əlavə körpü rolunu oynaya bilər”.

Züriyə Qarayeva: Slovakiya ilə münasibətlərin inkişafı Azərbaycanın Aİ daxilində tərəfdaş çevrəsini genişləndirir

Z.Qarayeva qeyd edib ki, “Slovakiyanın Azərbaycanın dəstəyinə ehtiyacı var” fikrini ilk növbədə enerji və geosiyasi təhlükəsizlik kontekstində qiymətləndirmək lazımdır. Avropa ölkələri son illər enerji mənbələrini şaxələndirməyə çalışır və Azərbaycan bu prosesdə mühüm tərəfdaşlardan biridir. Həmsöhbətimiz deyib ki, Slovakiya üçün Azərbaycanın enerji potensialı və Cənub Qaz Dəhlizi ilə bağlı rolu xüsusi əhəmiyyət daşıya bilər. Amma məsələ yalnız qazla məhdudlaşmır. Azərbaycan həm də Orta Dəhliz üzərində yerləşən, Xəzər hövzəsi ilə Avropanı birləşdirən strateji ölkədir. Buna görə Slovakiya üçün Azərbaycanın dəstəyi həm enerji, həm logistika, həm də regional əlaqələr baxımından vacibdir.

Politoloqa görə, Slovakiya ilə münasibətlərin inkişafı Azərbaycanın Avropa İttifaqı daxilində tərəfdaş çevrəsini genişləndirir. Bu, Bakının təkcə böyük Avropa dövlətləri ilə deyil, orta və kiçik Aİ ölkələri ilə də sistemli əməkdaşlıq qurduğunu göstərir. Müsahibimiz hesab edir ki, belə əlaqələr Azərbaycanın beynəlxalq mövqeyini daha dayanıqlı edir, çünki ölkə müxtəlif istiqamətlərdə siyasi dəstək qazana bilir.

“Eyni zamanda Slovakiya kimi dövlətlərlə yaxınlaşma Azərbaycan haqqında Avropada daha obyektiv təsəvvürün formalaşmasına kömək edir. Bakı üçün bu, həm enerji diplomatiyası, həm də postmünaqişə dövründə regional sabitlik gündəmini izah etmək baxımından əhəmiyyətlidir. Nəticədə Azərbaycan Avropada yalnız resurs ölkəsi kimi deyil, strateji və siyasi tərəfdaş kimi qəbul olunmaq imkanını gücləndirir”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR