q
  • Bakı 22° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Trampın Pekin səfərinin PƏRDƏARXASI: Çin ABŞ üçün niyə təhlükəli sayılır?

DÜNYA

14 May 2026 | 10:53

Trampın Pekin səfərinin PƏRDƏARXASI: Çin ABŞ üçün niyə təhlükəli sayılır?

Pekində səfərdə olan ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə görüşüb. Məlumata görə, iki ölkə lideri ikitərəfli və beynəlxalq məsələləri müzakirə ediblər.

Donald Trampın Çinə səfəri mayın 15-dək davam edəcək. Bildirilir ki, səfərin əsas məqsədi ABŞ və Çin arasında ticarət-iqtisadi sahədə mövcud fikir ayrılıqlarının aradan qaldırılması, həmçinin qlobal problemlərlə bağlı mövqelərin uzlaşdırılmasıdır. Danışıqlarda ABŞ-İran münasibətləri və Tayvan məsələsinin də müzakirə olunacağı deyilir. Çin tərəfi Tayvan məsələsini “vahid Çin” prinsipinə uyğun olaraq ölkənin daxili işi hesab edir.

Çin sədri Si Cinpin bildirib ki, Pekində ABŞ Prezidenti Donald Trampla keçirilən görüş qlobal dəyişikliklər fonunda bütün dünyanın diqqət mərkəzindədir. Si Cinpin qeyd edib ki, görüş beynəlxalq münasibətlər sistemində misli görünməmiş və sürətli dəyişikliklərin baş verdiyi bir dövrdə keçirilir. Onun sözlərinə görə, hazırda dünya mürəkkəb seçim mərhələsindədir və beynəlxalq vəziyyət dönüş nöqtəsindədir.

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a deyib ki, ABŞ-nin dünyada sadəcə bir rəqibi var, o da ABŞ özüdür.

Ekspert vurğulayıb ki, dünyada ikinci belə bir güc mərkəzi yoxdur və təkqütblü dünya anlaşıyı sadəcə ABŞ-nin İkinci Dünya müharibəsindən qalib çıxması ilə mümkün olub:

“İndi gələk əsas məsələyə, ABŞ Prezidenti Donald Tramp və komandası Çinə niyə gedib? Əslində Çinə səfər məsələsi yeni deyil. İran məsələsi iki dövlət arasında müzakirə olunan mövzulardan sadəcə biridir. Əgər İrana qarşı əməliyyatlar uğurlu olsaydı, Tramp Çinə daha güclü mövqedə səfər edəcəkdi. İrana qarşı uğurlu olmayan ABŞ son çarə olaraq Hörmüz boğazını blokadaya almağa, oradan neft tankerlərinin daşınmasına imkan verməməyə başladı. ABŞ ən böyük təhdid sırasında Çini görür. Hətta Rusiyanı bu siyahıda ikinci yerə qoymuşdular. Böyük Britaniya da açıq şəkildə Çini əsas təhdidlərdən bir sayır. Avropa İttifaqı da bu cür düşünür. Çin əsasən iki istiqamətdə - siyasi və iqtisadi baxımdan təhdid kimi görülür. Lakin mən siyasi və hərbi baxımdan Çini ümumiyyətlə təhdid hesab etmirəm”.

Analitik qeyd edib ki, dünya siyasətində Böyük Britaniya və Rusiyanın siyasi-hərbi təsir imkanları Çindən çox yuxarıdır:

“Çinin hərbi sənayedə klassik silahlarda Rusiyadan asılılığı davam edir. Hələ heç Rusiya səviyyəsinə gəlib çatmayıblar. Məhz Rusiyanı hərbi-siyasi cəhətdən daha çox təhdid sayan ABŞ və Avropa ilk növbədə Moskvanı sıradan çıxarmaq, zəiflətmək yolunu seçdilər və Ukrayna-Rusiya müharibəsi başladı”.

Turab Rzayev: Artıq Çində də yeni bir “Putin” yaranır

Müsahibimizə görə, Tramp düşünür ki, Rusiya artıq siyasi-hərbi cəhətdən nisbətən zəifləyib, iqtisadi baxımdan da güclü deyil. Ona görə də əsas iqtisadi təhlükə kimi Çin üzərində fokuslanıblar:

“Qorxular var ki, Tayvan müharibəsi başlaya bilər. Elə Ukrayna-Rusiya və İranla müharibələrin başlanması Çinin Tayvanda başına gələcəklərinin bir növ anonsu idi. Yəni göstərirlər ki, Çin deyilənlərə əməl etməzsə, onun başına nələr gələ bilər”.

T.Rzayev qeyd edib ki, Pekin indiyədək ağıllı addımlar atırdı, amma indi Çində yüksələn avtoritarizm görürük. Dediyinə görə, artıq Çində də yeni bir “Putin” yaranır. Bunları nəzərə alan ABŞ Prezidenti öz tələblərini Çin rəhbərinin diqqətinə çatdıracaq:

“Ancaq indiki halda Çinin hansısa siyasi-hərbi məsələlərə yön verə biləcəyini düşünmürəm”.

Aydın Baxış


SON XƏBƏRLƏR

13 May 2026