“Son 30 illik dövlətçilik dövrü-elmin müdafiə qabiliyyətinə çevrilməsi, xüsusilə, tarix, hüquq və informasiya elmində gücümüzün artması ilə düşmənə təsirli zərbələr vuruldu”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışına həsr olunmuş dəyirmi masada söyləyib.
Onun sözlərinə görə, Ulu öndərin siyasi kursunun və dövlətçilik fəlsəfəsinin varisi kimi İlham Əliyevin prezidentliyi dövründə elmin inkişafına konseptual baxış, yalnız bilik qazanmaq deyil, xalqımızın müharibəyə intellektual və ideya-siyasi cəhətdən hazırlanması, gənclərin xaricdə nüfuzlu ali məktəblərə göndərilməsi 1970-80-ci illərdəki siyasətin davamı idi:
“Beləliklə, prezidentin çıxışı qələbəmizin yalnız hərbi əməliyyat meydanlarında deyil, həm də elmi-intellektual müstəvidə qazanıldığının nümayişi idi. İlham Əliyev Zəfərin həndəsi dillə desək, “üçölçülü fəzada” əldə olunduğunu göstərdi”.
Z.Oruc bildirir ki, üç ölçü - yeraltı sərvətlər-iqtisadi və enerji ehtiyatlarının elmi idarəçiliyi, müasir neft-qaz texnologiyaları, geologiya və geofizika elmi, beynəlxalq enerji diplomatiyası; yerüstü güc - insan kapitalı, mühəndislik, kəşfiyyat sistemləri və döyüş taktikaları; göyüstü güc isə PUA-lar, raket sistemləri və texnoloji üstünlükdür:
“Prezidentin “müharibəni yalnız texnika deyil, Azərbaycan oğullarının zəkası qazandı” fikri bu reallığı ifadə edir”.
Heydər Əliyevin elm siyasətinə dönüşünü, Süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik, tariximizin dərindən öyrənilməsi və dilimizin coğrafiyasının genişləndirilməsinin yeni vəzifələr kimi göstərildiyini vurğulayıb:
“Elm milli təhlükəsizliyin ayrılmaz hissəsidir. 21-ci əsr dron və süni zəkanın hökmranlıq edəcəyi yüz ildir”.
Zeynəb Rzayeva
Bakı 



