“Hakimiyyət kimi, elmimiz də təmizləndikcə, milliləşdikcə suverenliyimiz güclənəcək”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışına həsr olunmuş dəyirmi masada söyləyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün parlaq səlnaməsini, Zəfər ruhunu alimlərimizlə bölüşmək, qalibiyyətimizi gələcək elmi hədəflərimizə yönəltmək məqsədinə xidmət edirdi. Dövlət başçısı savaşı elmlə qazandığımızı dünyaya nümayiş etdirdi:
“Həqiqətən, 90-cı illərdə məğlubiyyətimizin səbəblərindən biri də bütün sahələrdə olduğu kimi alimlərimizin də Ermənistanla müharibəyə qəfil yaxalanmaları idi. Onlar vahid qüvvəyə çevrilə bilməmişdilər. Elmi səfərbərlik yalnız Ulu öndərin hakimiyyətə qayıdışı ilə başlandı”.
Z.Oruc bildirib ki, Ulu öndər elmi müstəqil dövlət quruculuğunun tükənməz sərvəti, milli mədəniyyətin və intellektual kimliyin özülü, iqtisadi və siyasi təhlükəsizliyin qarantı, düşmənlə savaşda güclü ordu sayırdı:
“Sovetlərin iflasından sonra Azərbaycan elmi çox ağır vəziyyətə düşmüşdü. Elmi institutların zəifləməsi, alimlərin dövlət siyasətindən kənar düşməsi, strateji elmi biliklərin müdafiə sisteminə inteqrasiya edilməməsi məğlubiyyətimizdə az rol oynamadı”.
Onun fikrincə, əvəzində ermənilər sovet dövründən qalan elmi-intellektual kadr şəbəkəsini daha çevik şəkildə istifadə etdilər:
“Vətən müharibəsindən sonra isə Ermənistan prezidenti, alim Armen Sarkisyan deyirdi: “Biz elmi uğurlarımızı itirdik və Azərbaycana məğlub olduq”...
Zeynəb Rzayeva
Bakı 



