Xəzər dənizinin sahilində yüzlərlə suiti cəsədi aşkarlanıb.
Bu barədə Bakıvaxtı.az TASS-a istinadən xəbər verir.
Məlumata əsasən, Sulak çayının dənizə töküldüyü ərazidən Terek çayına qədər olan hissədə 322 suiti cəsədi tapılıb. Mənbə bildirib ki, sahilyanı ərazilərdə araşdırmalar davam etdikcə aşkarlanan ölü heyvanların sayı arta bilər.
Bundan əvvəl Dağıstan Təbii Sərvətlər Nazirliyi suitilərin kütləvi şəkildə tələf olması ilə bağlı məlumatların daxil olduğunu açıqlamışdı. Qurumun mütəxəssisləri hazırda sahil zolağında monitorinq apararaq hadisənin səbəblərini araşdırır.
Nazirlik qeyd edir ki, Xəzər suitilərinin belə itkiləri xüsusilə miqrasiya dövründə, müəyyən dövrlərdə təkrarlanan bir haldır. Alimlərin ehtimalına görə, prosesin əsas səbəbi dənizin dibində seysmik aktivlik nəticəsində təbii qazın sızdığı ərazilərdən keçən heyvanların boğulması ola bilər.
Xəzər suitisi (nerpa) dənizin yeganə məməli növü hesab olunur və 2008-ci ildən Beynəlxalq Təbiəti Mühafizə Birliyinin “nəsli təhlükə altında olan” canlılar siyahısında yer alır.
Qeyd edək ki, bu ayın əvvəlində Xəzərin Qazaxıstan sahillərində də təxminən 200 suiti cəsədi aşkar olunmuşdu.
Bakı 



