Yeni ilin ilk günündə Nizami rayonu ərazisində çağırışa gedən təcili tibbi yardım briqadası ev şəraitində doğuş prosesini uğurla həyata keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.
Bildirilib ki, çağırış ünvanında təcili tibbi yardım briqadası tərəfindən 37 həftəlik əkiz hamiləliyi olan qadının doğuş prosesi idarə olunub. Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra proses təcili tibbi yardım avtomobilində nəzarət altında davam etdirilib.
Briqada tərəfindən ana və yenidoğulmuş körpəyə (oğlan) zəruri ilkin tibbi yardım göstərildikdən sonra onlar müvafiq tibb müəssisəsinə təxliyə olunub. Digər körpənin sağrı gəlişi müşahidə edildiyindən doğuş prosesi tibb müəssisəsində davam etdirilib və ikinci körpə qız dünyaya gəlib.
Yenidoğulmuş oğlan körpənin çəkisi 2 kq 450 qram, boyu 54 sm-dir. Ana və hər iki körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Bakı 




