ATƏT-in Minsk qrupunun beynəlxalq gündəmdən tamamilə kənarlaşdırılması Azərbaycan diplomatiyasının son illərdə əldə etdiyi ən böyük strateji qələbələrdən biri kimi qiymətləndirilməlidir.
Bu addım sadəcə uzun müddət faktiki fəaliyyətsiz qalmış bir mexanizmin ləğvi deyil, həm də Cənubi Qafqazdakı real vəziyyətin, Qarabağ üzərində Azərbaycan suverenliyinin bərpa olunmasının beynəlxalq miqyasda tanınması deməkdir.
Minsk qrupu 1992-ci ildə yaradılarkən guya münaqişənin “sülh yolu ilə həlli” missiyasını daşıdığı iddia edilirdi. Lakin üç onillik ərzində bu struktur nə sülh gətirdi, nə ədaləti bərpa etdi, nə də problemi həll etmək üçün real siyasi iradə ortaya qoydu. Əksinə, qurumun fəaliyyəti daha çox bölgədə status-kvonun qorunmasına, Ermənistanın işğal siyasətinə göz yumulmasına, “balanslı vasitəçilik” adı altında birtərəfli yanaşmaların legitimləşdirilməsinə xidmət etdi. Bu müddətdə böyük dövlətlərin rəqabəti, maraqların toqquşması və region üzərində təsir uğrunda oyunlar Minsk qrupunu bir vasitəyə çevirdi. Amma sülh vasitəsinə yox, zaman qazanmaq alətinə.
Azərbaycan isə bu illər ərzində həm siyasi, həm hərbi, həm iqtisadi baxımdan güclənərək öz yolunu formalaşdırdı. Diplomatik təzyiqlər, ikili standartlar, uzanan danışıqlar Bakını demotivasiya etmədi, əksinə, daha rasional, daha məqsədyönlü siyasət yürütməyə vadar etdi. Nəticədə 2020-ci ildə Vətən müharibəsində tarixi ədalət bərpa olundu, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü təmin etdi. Bununla da Minsk qrupunun mövcudluğuna əsas yaradan münaqişə amili aradan qalxdı.
Müharibədən sonra bəzi dairələrin bu qurumu yenidən gündəmə gətirmək cəhdləri isə Azərbaycan tərəfindən qətiyyətlə rədd edildi. Bakı açıq şəkildə bəyan etdi ki, münaqişə bitib və heç bir beynəlxalq platforma artıq “köhnə reallıqlara” qayıda bilməz. Prezident İlham Əliyevin ardıcıl şəkildə sərgilədiyi prinsipial mövqe nəticəsində həm ABŞ, həm Rusiya, həm də Fransanın Minsk qrupunu dirçəltmək istiqamətindəki bütün planları uğursuzluğa düçar oldu.
Beləliklə, qurum siyasi tarixdən silindi və bununla da Ermənistan uzun illər arxalandığı ən mühüm siyasi platformalardan birini itirdi. Bu, təkcə Bakının diplomatik qələbəsi deyil, həm də Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı deməkdir.
Bu proses Azərbaycanın artan gücünün, beynəlxalq aləmdə söz sahibinə çevrilməsinin və post-müharibə dövründə formalaşdırdığı regional düzənin nəticəsidir. Azərbaycan dünyaya göstərdi ki, sülhün və təhlükəsizliyin konturlarını məhz öz maraqları, öz milli prioritetləri əsasında müəyyən edir. Qarabağ məsələsinin başa çatması və Minsk qrupunun tarixə qovuşması da bunun ən bariz təsdiqidir.
Nəticə olaraq, 30 illik formatın sonu yalnız bir diplomatik strukturun ləğvi deyil, Azərbaycanın regional liderliyinin, siyasi iradəsinin və beynəlxalq arenada möhkəmlənən strateji mövqeyinin təntənəsidir. Bu yolun davamında isə bölgədə sabitliyin, iqtisadi əməkdaşlığın və uzunmüddətli sülhün əsas memarlarından biri kimi məhz Azərbaycan dayanır.
Zülfü Məmmədov
Bakı 



