Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) professor-müəllim heyətinin əməkhaqqıları artırılıb.
Bakıvaxtı.az xatırladır ki, bununla bağlı ADNSU-nun Elmi Şurasının iclasında qərar qəbul olunub.
Universitetdə əlavə olaraq elmi nəticələrə əsaslanan differensial əməkhaqqı sistemi də tətbiq olunur. 2025-ci ildə 270 nəfər bu sistemdən faydalanıb.
Bəs, görəsən, Azərbaycandakı digər universitetlər professor-müəllim heyətinin maaşının artırılması ilə bağlı nə düşünür?
Bakıvaxtı.az məsələ barədə bir sıra universitetlərə sorğu ünvanlayıb.
Azərbaycan Texniki Universitetindən (AzTU) saytımıza bildirilib ki, universitet hər zaman müəllimlərin rifahını diqqət mərkəzində saxlayır:
"Hər il akademik heyətin maaşlarında artım olur. Yaxın günlərdə belə bir qərar olduqda ictimaiyyətlə bu xəbəri bölüşəcəyik".
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) Bakıvaxtı.az-a deyilib ki, 2024-cü ilin dekabr ayından universitet üzrə orta aylıq vəzifə maaşı 14 faiz artırılıb:
"Artım pedaqoji heyət üzrə 15%, inzibati və tədris köməkçi heyət üzrə 12 faiz olub. Artımdan sonra universitet üzrə orta aylıq əməkhaqqı 1471 manat, pedaqoji heyət üzrə 1689 manat, inzibati heyət üzrə isə 1265 manat təşkil edib".
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) sorğumuza cavab olaraq bildirilib ki, bu barədə hələ məlumat yoxdur:
"Lakin müəyyən dövrdən bir təbii ki, akademik və inzibati heyətin əməkhaqqılarında artımlar edilir".
Bakı Mühəndislik Universitetindən (BMU) qeyd edilib ki, ötən tədris ili ərzində əməkhaqqı siyasəti üzrə müvafiq artımlar həyata keçirilib:
"Bu ilə gəldikdə isə universitetdə differensial əməkhaqqı sistemi tətbiq olunmağa başlayıb. Həmin müasir modelin əsas məqsədi onların sosial müdafiəsini gücləndirməklə yanaşı, müəllimləri elmi-tədqiqat fəaliyyətinə daha fəal cəlb etmək, akademik heyət arasında sağlam elmi rəqabəti gücləndirmək, eləcə də universitetin insan kapitalının inkişafına və ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət etməkdir. Təbii ki, bununla yanaşı, növbəti dövr ərsində də bu sitiqamətdə addımlar atılacaq".
Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) isə sorğumuza cavab verilməyib.
Aynur Babazadə
Bakı 



