Çexiyada keçirilən U-19 Avropa çempionatı Azərbaycan boksçuları üçün düşərli olub.
Bunu Bakıvaxtı.az-a gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayev deyib.
O, ikiqat Avropa çempionu olmaqla Azərbaycan tarixinə düşən Bilalhəbaşi Nəzərovun növbəti ildən böyüklər arasında qüvvəsini sınayacağını vurğulayıb:
"Avropa çempionatı bizim üçün çox düşərli oldu. Yarışa 6 boksçu ilə getmişdik. Üç medal qazandıq. Zidan Hümbətovla Sübhan Babayev bürünc, Bilalhəbaşi Nəzərov isə qızıl medal qazandı. Bilal ikinci dəfə Avropa çempionu tituluna sahib çıxmaqla Azərbaycan tarixinə düşdü. Çalışacağıq yaxşı hazırlaşıb növbəti yarışlarda da medallarla vətənə qayıdaq. Bilal növbəti ildən böyüklər arasında yarışlarda özünü sınayacaq. Biz də çalışacağıq ki, belə boksçulara əvəzedicilər yetişdirək".
Qeyd edək ki, Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurublar. Bilalhəbaşi Nəzərov (50 kq) qızıl, Banuçiçək Nəsirli (48 kq) gümüş, Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və İlkanə Əhmədova (+80 kq) isə bürünc medal qazanıblar.