Azərbaycan "NATO-Gürcüstan - 2025" hərbi təlimində iştirak edəcək.
Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, aprelin 28-də başlayacaq manevr Krxanisi bazasında, NATO-Gürcüstan Təlimləri və Qiymətləndirmə Birgə Mərkəzində keçiriləcək.
Məqsədi NATO-Gürcüstan Təlimləri və Qiymətləndirmə Birgə Mərkəzinin imkanlarını nümayiş etdirmək və əsasən Gürcüstan və qismən beynəlxalq hərbi personaldan ibarət briqadaları sınaqdan keçirməkdir.
Təlimdə iştirakını təsdiq etmiş ölkələr arasında Azərbaycan, Albaniya, Bolqarıstan, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Polşa, Slovakiya, Türkiyə və ABŞ yer alır. Ermənistan müşahidəçi statusunda olacaq.
Manevrə İtaliya Silahlı Qüvvələrinin “Vitorio Veneto” Diviziyasının Florensiya Komandanlığı rəhbərlik edəcək. O, bu yaxınlarda NATO-nun Cənubi Çoxmillətli Diviziyasının rəhbəri təyin olunub.
Təlim mayın 8-də başa çatacaq.
Qeyd edək ki, bu manevr ilk dəfə 2016-cı ildə keçirilib və bu il artıq dördüncüsü baş tutacaq.