Azərbaycan Pakistanda inşasına 1,2 milyard ABŞ dolları tələb olunan Sukkur-Heydərabad avtomobil magistralı üçün 1 milyard ABŞ dolları kredit verməyə hazırdır.
Bu barədə Bakıvaxtı.az Pakistan KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən, Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana son səfəri zamanı ümumi dəyəri 1,8 milyard ABŞ dolları təşkil edən iki avtomagistralın inşasının maliyyələşdirilməsini istəyib. Söhbət Sukkur-Heydərabad yolundan və dəyəri 600 milyon ABŞ dolları olan yeni Heydərabad-Kəraçi avtomagistralından gedir.
Azərbaycan Pakistanın Dövlət Bankında təcili depozit yerləşdirməyi və yaxud tikintinin birbaşa maliyyələşdirməsi üçün İslam İnkişaf Bankı (IDB) ilə əməkdaşlıq etməyi təklif edib.
Pakistan Baş nazirinin müavini İshaq Dar infrastruktur, enerji, ticarət və İT xidmətləri üzrə investisiya təkliflərinin hazırlanmasını aprelin 3-nə qədər tamamlamağı tapşırıb.
Sukkur-Heydərabad avtomagistralının dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində inşası planlaşdırılır. IDB avtomagistralın iki hissəsinin maliyyələşdirilməsi imkanını nəzərdən keçirir. Azərbaycan isə qalan üç hissənin maliyyələşdirilməsinə maraq göstərir. Layihə bu model üzrə həyata keçirilərsə, avtomagistralın inşası 2,5 ilə başa çata bilər.