• Bakı 15° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

Azərbaycanla Nepal arasında məsləhətləşmələr keçirilib

SİYASƏT

01 May 2025 | 10:33

Azərbaycanla Nepal arasında məsləhətləşmələr keçirilib

Azərbaycan və Nepal Katmanduda ilk Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirərək, diplomatik münasibətlərdə yeni bir səhifə açıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nepal KİV-i yazıb.

Məsləhətləşmələr Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Nepala səfəri çərçivəsində təşkil edilib.

Nepal nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin katibi Amrit Bahadur Ray rəhbərlik edib. Tərəflər qarşıdakı illərdə Nepal və Azərbaycan arasında tərəfdaşlığın dərinləşdirilməsinə sadiq olduqlarını ifadə ediblər.

Müzakirələrin əsas mövzuları ikitərəfli ticarət və investisiyaların genişləndirilməsi, turizm və mədəni mübadilə, təhsil sahəsində əməkdaşlıq, iqlim dəyişikliyi ilə mübarizədə birgə təşəbbüslər olub.

Qurumların nümayəndələri regional və beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın zəruriliyini və “yaşıl enerji” sahəsində tərəfdaşlıq üçün potensialın mövcudluğunu vurğulayıblar.

Tərəflər “yaşıl enerji”nin inkişafı sahəsində qabaqcıl təcrübə mübadiləsi barədə razılığa gəliblər və bərpa olunan enerji, xüsusilə günəş və külək enerjisi sahəsində birgə layihələr üçün potensialı müzakirə ediblər.

Məsləhətləşmələr zamanı qarşılıqlı investisiyalar üçün prosedurların sadələşdirilməsi və hər iki ölkədə biznes forumların təşkili məsələlərinə xüsusi diqqət yetirilib.

Nepal KİV-inin məlumatına görə, səfər çərçivəsində Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Nepalın rəsmi şəxsləri, o cümlədən Prezident Ramçandre Paudel və hökumət başçısı Şarma Oli ilə görüşəcək.

Həmçinin nümayəndə heyəti Nepalın İnvestisiya Şurası tərəfindən təşkil edilən dəyirmi masada iştirak edəcək. Tədbir iki ölkə arasında investisiya imkanlarının öyrənilməsinə həsr olunacaq.

E.Məmmədov diplomatlar, tələbələr və biznes icmasının nümayəndələrinin iştirakı ilə xüsusi tədbirdə Azərbaycanın xarici siyasətinə dair mühazirə ilə çıxış edəcək.

Nümayəndə heyətinin Nepala səfəri şənbə günü başa çatacaq.


SON XƏBƏRLƏR