“Ermənistanla bağlı reytinqlərin həqiqəti əks etdirdiyini söyləmək çox çətindir”.
Bunu politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a Ermənistanda Nikol Paşinyanın reytinqinin aşağı düşməsi, revanşist Robert Köçəryanın tərəfdarlarının isə çoxalması barədə iddilara münasibət bildirərkən deyib.
Ekspert vurğulayıb ki, bu sorğuları müxtəlif maraqlı dairələr ictimai rəyi yönəltmək, çaşdırmaq və nəbzi yoxlamaq üçün təşkil edirlər:
"Ancaq Ermənistanda Rusiyapərəst qüvvələrin aktivləşməsi göz önündədir. Təkcə Ermənistanda yox, Rusiyanın özündə də bu dairələr fəallaşıblar. Təhlükəli məqam odur ki, aktivləşən dairələrin hamısı revanşist qüvvələrdir. Vaxtilə Azərbaycan torpaqlarının işğalında əli olan dairələrdir. İndi həmin dariələr çalışırlar ki, yenidən hakimiyyətə gəlsinlər. Yaxud da öz əlaltılarını hakimiyyətə gətirsinlər. Beləliklə yenidən Ermənistanda illərdir anti-Azərbaycan, anti-Türkiyə siyasəti aparsınlar”.
Müsahibimizin sözlərinə görə, təbii ki, belə qüvvələrlə normal əlaqədən, hansısa əməkdaşlıqdan söhbət gedə bilməz. Bu cür qüvvələr hakimiyyətə gəlsə, sülh danışıqlarını unutmaq lazımdır:
“Rusiyada da kimlərsə düşünür ki, Moskva yenə Azərbaycan və Ermənistan arasında vasitəçi, moderator qismində çıxış edəcək. Elə revanşistlərin aktivləşməsi də bununla bağlıdır. Fəallaşan revanşistlərin hamısı eyni səpkidən çıxış edirlər. Hamısı Rusiyanın onlardan əl üzməsindən gileylənirlər. İstəyirlər ki, Rusiya yenidən regiona qayıtsın".
İlqar Vəlizadə: Regionun inkişafı Azərbaycan və Türkiyədən böyük mənada asılıdır
Analitik əlavə edib ki, düzdür, Rusiyada da başa düşürlər ki, artıq regionda siyasət dəyişib və əvvəlki siyasəti aparmaq qeyri-mümkündür:
"Rusiyanın əsas məqsədi Paşinyanı siyasi səhnədən çıxartmaq və öz adamlarını hakimiyyətə gətirməkdir. Elə düşünürlər ki, revanş ritorikasından istifadə etməsələr, hakimiyyətə gələ bilməzlər. Lakin ətrafda gedən proseslər göstərir ki, Azərbaycan artıq əvvəlki zəif dövlət deyil, çox güclü ölkədir. Türkiyə kimi müttəfiqimiz var və digər ölkələrlə münasibətlərimiz inkişaf edib. Bu amillər Rusiyanın Cənubi Qafqaz siyasətinə imkan verməyəcək. Boş xülyalardır”.
“Regionumuzdakı hadisələrin inkişafı Azərbaycan və Türkiyədən böyük mənada asılıdır. Çünki güc mərkəzləri artıq bu ölkələrdir", - deyə İlqar Vəlizadə vurğulayıb.
Aydın Baxış