• Bakı 14° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

“Fake news” dalğası: Problemin kökü haradadır?

MEDİA

01 Aprel 2026 | 14:26

“Fake news” dalğası: Problemin kökü haradadır?

Son günlər sosial şəbəkələrdə manipulyasiya, saxta xəbərlər, gənclərin informasiya mədəniyyətinin zəifliyi açıq hiss olunur. Bu səbəbdən bəzi ekspertlər sosial şəbəkə və sosial mediada sərtləşdirilmədən müəyyən tənzimləmə mexanimzləri sayəsində dezinformasiya ilə mübarizənin mümkünlüyünü müzakirə edirlər.

Məsələ ondadır ki, dezinformasiya ilə mübarizədə medianın sərt tənzimlənməsi qısamüddətli dövrdə effektiv görünsə də, uzunmüddətli perspektivdə bu, yalnız simptomu müalicə edib xəstəliyi dərində saxlamağa bənzəyir. Ona görə də informasiya məkanının tam qapalı olmadığı bir dövrdə sərt tənzimləmədən daha çox, “yumşaq güc” və sistemli maarifləndirmə metodları ön plana çıxır. Dezinformasiya boşluqları sevir. Əgər rəsmi və ya peşəkar media qurumları operativ, şəffaf və dolğun məlumat vermirsə, bu boşluğu dərhal sosial şəbəkələrdəki manipulyativ mənbələr doldurur. Sosial şəbəkə nəhəngləri (Meta, X, TikTok) ilə əməkdaşlıq çərçivəsində dezinformasiyanın yayılma sürətini azaldan alqoritmlərin tətbiqi mümkündür. Süni intellekt vasitəsilə “fake news” kontentlərinin işarələnməsi inzibati cəzalardan daha sürətli nəticə verir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan media eksperti Azər Həsrət deyib ki, dezinformasiya ilə mübarizə üsulları mövcuddur. Onun sözlərinə görə, bu istiqamətdə əslində müvafiq tədbirlər görülür və bundan sonra da görüləcək:

“Sadəcə olaraq cəbhəni bir qədər genişləndirmək lazımdır. Xüsusən də cəza tədbirlərini ağırlaşdırmağa ehtiyac var. Çünki bəzi adamlar ya bilmədən, səhvən dezinformasiyanın alətinə çevrilir. Bəziləri isə məqsədli şəkildə dezinformasiyanın yayılmasını təşkil edir, bu prosesin arxasında durur, cəmiyyəti çaşdırmağa çalışır. O cür adamlara qarşı daha sərt tədbirlərin görülməsi çox vacibdir”.

Azər Həsrət: Cəbhəni bir qədər genişləndirmək lazımdır, cəza tədbirlərini ağırlaşdırmağa ehtiyac var

“Ümumiyyətlə, mümkün olmayan heç nə yoxdur” deyən müsahibimiz qeyd edib ki, əgər dezinformasiya cəhdləri varsa, ona qarşı mübarizə imkanları da var. Dediyinə görə, o baxımdan, dövlət də, cəmiyyət də, vətəndaş da müəyyən işlər görə bilərlər.

A.Həsrət bildirib ki, indiyədək görülən işlərin, atılan addımların effektivliyi də göz önündədir:

“Mütəmadi olaraq dezinformasiya yayan şəxslər, şəbəkələr faş edilir, onlarla bağlı hüquq-mühafizə orqanları tədbirlər görürlər. Düzdür, belə adamlar saxlanılanda, həbs ediləndə vay-şüvən salanlar da az olmur. Amma düşünürəm ki, cəmiyyətimizin təhlükəsizliyinin davamlılığının qayğısına qalmaq istəyiriksə, mütləq bu məsələlərdə sərt şəkildə mövqe ortaya qoymalıyıq”.

Aydın Baxış


SON XƏBƏRLƏR