• Bakı 14° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Kredit yükü rekord həddə: Əhali “borc tələsi”nə sürüklənir

İQTİSADİYYAT

01 Aprel 2026 | 16:03

Kredit yükü rekord həddə: Əhali “borc tələsi”nə sürüklənir

Son aylarda həyat və xidmət xərclərinin yüksəlməsi fonunda əhalinin üzərindəki kredit yükü rekord həddə çatıb. Bank sektorunun açıqlamalarında istehlak kreditlərinə tələbin artdığı bildirilsə də, bu dinamika əhalinin real gəlirləri ilə paralel irəliləmir.

Bəzi ekspertlərin fikrincə, hazırkı iqtisadi şəraitdə kredit faizləri və ödəniş şərtləri yenidən tənzimlənməzsə, əhalinin maliyyə dayanıqlığında hansı təhlükələr qaçılmaz ola bilər. Əhalinin real gəlirlərinin artım sürəti ilə kredit borclanması arasındakı disbalans iqtisadiyyatda “borc tələsi” riskini yaradan əsas faktorlardan biridir. Xüsusilə istehlak kreditlərinin artması, əhalinin gələcək gəlirlərini indidən xərcləməsi deməkdir.

Əhalinin maliyyə dayanıqlığı üçün kritik hədd aylıq kredit ödənişlərinin ailə büdcəsinin 30-40 %-ni keçməməlidir. İnflyasiya fonunda xidmət və qida xərcləri artdıqca, kredit ödənişlərinə qalan vəsait daralır. Bu, fərdlərin həyat standartlarının kəskin düşməsinə və zəruri ehtiyacların təxirə salınmasına səbəb olur. Əgər ödəniş şərtləri gəlirlərə uyğunlaşdırılmazsa, vaxtı keçmiş kreditlərin həcmi kəskin artacaq.

Nəzərə alaq ki, bir fərdin kreditini ödəyə bilməməsi bankların likvidliyinə də təsir edir, bu da bankların yeni kredit vermə imkanlarını məhdudlaşdıraraq iqtisadi aktivliyi zəiflədir. Bununla yanaşı, əhalinin bir krediti bağlamaq üçün digər bankdan daha yüksək faizlə yeni kredit götürməsi də kütləvi hal ala bilər. Bu, maliyyə piramidasına bənzər bir struktur yaradır ki, nəticədə fərdi müflisləşmə halları çoxalır.

Yüksək borc yükü təkcə iqtisadi deyil, həm də sosial problemdir. Ailədaxili münaqişələrin artması, əmək məhsuldarlığının düşməsi və gənclərin gələcəyə dair qənaət imkanlarının sıfırlanması cəmiyyətin ümumi sosial-iqtisadi rifahını zədələyir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, ölkədə bank faizlərinin, kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən biri odur ki, hazırda depozitlər yüksəkdir.

Ekspertə görə, depozit faizlərini artırdılar ki, əhali əlində olan manatı banklara qoysun və ildə 10 faizlik gəlir əldə etsin:

“Banklar 10 faizlə depozit faizi ödəyirsə, təbii ki, kreditlər bundan ən azı 50 faiz baha olmalıdır. Yəni 15-18 faiz olmalıdır ki, həm bank öz gəlirliyini təmin etsin, həm vergilərini ödəsin, həm binalarını, işçilərini saxlasın, əmək haqqı versin və s. Buna görə də bizdə bu problem kökündən həll olunmalıdır”.

Natiq Cəfərli: Qiymətli kağızlar, səhm bazarı olmalıdır ki, insanlar əllərindəki valyutanı həmin alətlərə yatırsınlar

Onun dediyinə görə, depozitlərin faizləri aşağı düşməlidir ki, kreditlərin faizləri də düşsün. Amma kreditlərin faizləri aşağı düşəndə də insanların banklarda pul saxlamağa marağı azalacaq:

“Ona görə də bu, çox dərin makroiqtisadi problemdir. Bu problemi həll etmək üçün ölkə əhalisinin əlində olan sərbəst manat vəsaitinin başqa alətlər vasitəsi ilə gəlir gətirmə təməli yaradılmalıdır. Yəni qiymətli kağızlar bazarı, səhm bazarı olmalıdır ki, insanlar əllərindəki valyutanı sadəcə depozitə yox, həmin alətlərə yatırsınlar. Bu, olmadığına görə, sadəcə depozitə yatırım edirlər. Ona görə də kredit faizləri 18 faizədək yüksəlir”.

Aydın Baxış


SON XƏBƏRLƏR