• Bakı 18° C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Baha aldığımız peyvəndləri atırıq... - Rəşad Mahmudov

MÜSAHİBƏ

07 Dekabr 2023 | 11:05

Baha aldığımız peyvəndləri atırıq... - Rəşad Mahmudov

Son günlər uşaqlar arasında qızılcanın sürətlə yayılması, xəstəlikdən ölənlərin olması ölkə gündəmini zəbt edib. Valideynlər arasında qızılca peyvəndinə qarşı olan fiikir ayrılıqları da xəstəliyin qarşısının alınmasına mane olur.

Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov mövzu ilə bağlı Bakıvaxtı.az-a müsahibə verib.

- Qızılca xəstəliyi qısa müddətdə sürətlə yayıldı. Bunu pandemiya vaxtı uşaqların peyvəndlənmədən kənarda qalması ilə əlaqələndirilər. Bununla bağlı nə deyə bilərsiniz?

- Beynəlxalq təşkilatlar, eləcə də Ümumdünya Səhiyyə Təşkilarının vermiş olduğu raportlara görə, hazırda bütün dünyada qızılca xəstəliyinin artmasının səbəblərindən biri də COVİD-19 zamanı bir çox məhdudiyyətlərlə birlikdə insanların peyvəndlənmə proqramında əskikliklərin olmasıdır. Bu gün biz o əskikliklərin nəticələrini aydın bir şəkildə görürük. Bunu koronavirusun bir çox sahədə yaratdığı məhdudiyyətlərlə əlaqələndirə bilərik.

- Bəzi valideynlər peyvəndin təsirli olmadığını düşünür...

- Reallıq odur ki, bu, onu göstərdi ki, bir çox xəstəliklər üçün tarix boyu bəlli olan, milli peyvənd təqviminə daxil olmuş peyvəndlər, həqiqətən, kömək edir. Xüsusən, bəzi xəstəliklər insan oğlu qarşılaşdığı zaman müalicəsi olmayan böyük təhlükələr yaradır. Zamanında vurulan peyvəndlərlə həmin xəstəliklərə qarşı müqavimət əmələ gəlir. Nəticədə, sözügedən xəstəliklərin yayılması halı baş verdikdə fəsadlaşma və ölüm halları daha az olur.

- Valideynlərin məsələnin ciddiliyini anlaması üçün nə etmək lazımdır?

- Peyvəndlənmə işinin vacibliyi ilə əlaqədar hər bir milli səhiyyə sistemi insanları daha çox maarifləndirməlidir. Bugünlərdə baş verənləri gördükcə şahid olduq ki, buna daha çox ehtiyacımız var. Bu gün Azərbaycan cəmiyyətində peyvəndə qarşı münasibətin reallıqlarını bilən bir insan olaraq deyirəm ki, bizdə dünyada var olandan 10 dəfə çox maarifləndirməyə ehtiyac var. Maarifləndirmə insanlara bunun lazımlığını sadəcə sözlə ifadə etmək deyil, peyvəndin nə üçün lazım olduğunu, verəcəyi fayda və zərərlərin dəqiq açıqlanmağı lazımdır. Əminəm ki, cəmiyyətin bunu aydın şəkildə dərk edən hər bir üzvü peyvəndlənmədən qaçmağın onlar üçün, əslində, nə qədər böyük təhlükə yaratdığını, ümumxalq işinə mənfi təsir etdiyini görəcək.

- Cəmiyyət arasında peyvəndlərin keyfiyyətsiz olması ilə bağlı iddialar da var...

- Azərbaycan dövləti, Səhiyyə Nazirliyi və bu xidmətləri verən digər qurumlarımız hər zaman ölkəyə lazım olan peyvəndlərin ən yüksək səviyyəlisini gətirib. İstifadə olunan peyvəndlərin təhlükəsizliyi ilə əlaqədar bütün beynəlxalq səviyyəli qurumlardan sənədlər alınıb. Bunun nəzarəti ən yüksək səviyyədə həyata keçirilir.

Təəssüflər olsun ki, dövlət tərəfindən dünya ölkələrindən alınan ən bahalı peyvəndlərin çoxu zamanı keçdikdən sonra atılır. Bunun da bir səbəbi var, insanlar peyvənd vurdurmur.

- İnsanları peyvəndlənməyə necə cəlb etmək olar?

 - Ölkədə hər hansı qanunvericilik bu işə məhdudiyyət tətbiq edə bilmədiyi üçün insanları daha çox doğru təbliğat aparmaqla buna cəlb etmək olar. Desəniz ki, hardan başlamalıyıq, mənə görə, birinci növbədə, insanları peyvəndin zərərli olmadığına inandırmaq lazımdır.

Aytac Aslan


SON XƏBƏRLƏR

22 Aprel 2024