• Bakı 10° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.7881

    RUB - 1.619

Orxan İbadovdan REKORD: 15 dəqiqədə 292 sözü... - MÜSAHİBƏ

MÜSAHİBƏ

29 Dekabr 2023 | 14:37

Orxan İbadovdan REKORD: 15 dəqiqədə 292 sözü... - MÜSAHİBƏ

Orxan İbadov bir neçə həftə əvvəl Hindistanın Mumbay şəhərində keçirilən Dünya Yaddaş Çempionatında iki kateqoriya üzrə çempion olub. Həmyerlimiz yarış barədə təəssüratlarını və yaddaş elmi ilə bağlı Bakıvaxtı.az-a danışıb.

Müsahibəni təqdim edirik:

- İlk olaraq Orxan İbadovu tanıyaq.

- 1986-cı ildə Bakıda doğulmuşam, 15 yaşımda BDU-ya daxil olmuşam və ixtisasca hüquqşünasam. Dövlət hüququ ixtisası üzrə magistr dərəcəsini almışam. 21 yaşımda müstəqil olaraq onlayn marketinq öyrənmişəm.

Bir neçə il hüquqşünas kimi işləmişəm, ancaq daha sonra internet üzərindən onlayn pul qazanmağa başlamışam, onlayn biznesə qoşulmuşam. 2015-ci ildən İspaniyanın Barselona şəhərinə köçmüşəm. Həmin dövrdən bəri ilin yarısını Bakıda, digər yarısını isə Barselonada yaşayıram. Bu həyat tərzi mənim öz seçimimdir. Bakıda olanda Barselona üçün darıxıram və ya əksinə.

İndi bəzən Tailandda da oluram, sahibkarlara, şirkətlərə dərslər keçirəm. Tailandla əlaqədar artıq ili 3 yerə bölmüşəm, 4 ay Tailandda, 4 ay Bakıda və ilin digər hissəsini də Barselonada oluram.

İndiki dövrdə iki işlə məşğulam, elektron ticarət və "coaching" - sahibkarlara dərslər keçirəm.

- Qatıldığınız son yarışla bağlı təəssüratlarınızı bölüşərdiniz...

- Son yarış Hindistanın Mumbay şəhərində keçirildi. Mən işlə əlaqədar olaraq noyabrın 6-dan Tailanda getmişdim. Orada həm də Cənub-Şərqi Asiya havasına adaptasiya olmaq istəyirdim. Belə ki, Bakıda hava 10 dərəcədirsə, orada - Tailand, Hindistanda 30 dərəcəyə qədər olur. Noyabrın 21-i isə oradan birbaşa Mumbaya yollandım.

Yarış Dünya Yaddaş Federasiyasının təşkil etdiyi Dünya Yaddaş Çempionatları idi. Yarış üzrə 10 kateqoriya var idi. Mən orada 2 kateqoriyada çempion, 4 kateqoriyada gümüş, iki kateqoriyada isə bürünc medal qazandım.

Həm psixoloji, həm də texniki cəhətdən yarışa tam hazır idim. Yarış mənim üçün uğurlu alındı, nəticələrimdən tam razıyam. Şəxsi rekordumu qırdım, 15 dəqiqə ərzində azərbaycanca olan 292 sözü sıra ilə yadda saxladım. Şəkillər üzrə yarışda dünya tarixinin ən yaxşı üçüncü nəticəsini göstərdim. Mənim üçün ən əsas kateqoriya olan 1 saatlıq rəqəmlərdə dünya rekordu qırdım ki, göstərdiyim nəticə 35 ilin ən yüksək nəticəsi idi. Düzü, həmin nəticənin dünya rekordu olmasından sonradan xəbərim oldu. Əvvəlki dünya rekordu 3238 rəqəm idi, mən rekordu 3412 rəqəm sıra ilə yadda saxlayaraq yenilədim. Belə yarışlarda hər zaman siyasi məqamlar da öz rolunu oynayır.

Elə bir yarışa gərək diplomatik korpus ilə gələsən ki, hansısa bir problem çıxmasın. Necə olurdusa, həmişə mən yarışanda arxa sırada oturan hakim diqqətimi yayındırmaq üçün tərpənir, əl-qol hərəkətləri edirdi. O cümlədən, hindistanlı idmançılar da analoji yollarla diqqət yayındırmağa çalışırdılar. Yalnız həmin hakimlər mənim istəyimlə uzaqlaşdırılandan sonra nəticələrim daha da artmağa başladı. Daha sonra bunu qeyd edə bilərəm ki, yarışdan sonra Hindistanın ən çox oxunan qəzetlərində nəyəsə görə mənim adım almaniyalı Orxan İbadov kimi təqdim olundu. Dünya Yaddaş federasiyasının rəhbərləri almanlardır, bəlkə də ona görə məni almaniyalı kimi təqdim etdilər. Hər halda bu da maraqlı bir faktdır. Məndən asılı olan və olmayan problemlərlə qarşılaşmasaydım daha yaxşı nəticələr göstərə bilərdim.

Mumbaydakı bu yarışda 780 iştirakçı var idi ki, bu da həmin yarışların tarixində rekord sayda göstərici demək idi.

- Nə vaxtdan bu tipli yarışlarda iştirak edirsiniz?

- İlk yarışıma 2017-ci ilin noyabrında qatılmışam. Bu, İstanbulda baş tutan "Memoriat" yarışları idi. Həmin yarışa sadəcə olaraq, özümü yoxlamaq və təcrübə qazanmaq üçün getmişdim, 2 gümüş və bir qızıl medalla 0 və 1 rəqəmlərinin qarışığında çempion oldum. Bu yarışdan sonra dünyanın müxtəlif yerlərindən yarışlara dəvətlər gəldi. Belə-belə bir anda özümü yaddaş yarışlarının içində gördüm.

Daha sonra 2018-ci ildə Avropa Çempionatında bürünc medal qazandım, dünya 11-cisi oldum. Bu nəticələr məni qane edə bilməzdi. Sonradan 2019-cu il Dünya Çempionatına visa problemi olduğu üçün gedə bilmədim, növbəti üç il ərzində isə pandemiya olduğundan fiziki olaraq yarışlardan kənarda qaldım.

2019-cu ildə Filippində bürünc medal qazandım, sonra isə onlayn yarışlara qoşuldum. Onlayn yarışlar üzrə isə dünya 5-incisi oldum. İndiyə kimi canlı, fiziki olaraq 9-10 yarışlarda iştirak etmişəm. Karyeram ərzində Fransa, Almaniya çempionu olmuşam. Lakin ən böyük hədəfim dünya çempionu olmaq idi ki, bu məqsədimə də çatdım.

- Özünüzdəki bu bacarığı, istedadı nə vaxtdan kəşf etdiniz?

- Yaddaş bacarıqdır, elmdir. Belə izah edim, biri öz üzərində çox çalışaraq güclü hüquqşünas və güclü idmançı olduğu kimi, yaddaş da sizdən həmin çalışqanlığı tələb edir. 15-16 il öncə "YouTube"da bir yaddaş ustasının şousuna baxdım, gördüm ki, rəqəmləri necə yadda saxlayır. Həmin video məndə çox böyük həvəs yaratdı, bu sahəyə olan həvəsimə görə kurslara getdim, kursda öyrəndiklərimi gündəlik həyatımda tətbiq edərək özümdə həmin keyfiyyətləri inkişaf etdirdim. Demək olar ki, tələbəlikdən yaddaş elmini və texnikalarını araşdırmağa başlamışam. Ümumilikdə yaddaş fitri istedad deyil. Bu elmdir. Elmi isə yalnız öyrənmək, araşdırmaqla ona yiyələnə bilərsən. Düzü, mən fitri istedada görə yaddaşlı insan tanımıram.

- Yaddaşınızı gücləndirmək üçün hansısa qidalardan istifadə edirsiniz?

- Bu məsələdə iki nüansi fərqləndirməliyik. Biri odur ki, ümumiyyətlə yaddaşı, ikinci isə yadda saxlama prosesini gücləndirmək. Yadda saxlama prosesini gücləndirmək üçün yaddaş elmini bilmək lazımdır. Yadda saxlama elmi çox qədim elmdir. Qədim Yunanıstanda bu elmin əsası qoyulub, daha sonra Qədim Romada inkişaf nöqtəsinə çatıb. Kitabın kəşfi və yayılması ilə bu elm demək olar ki unudulub. Orta əsrlərdə də yadda saxlama elminə təsadüf edilsə də, son dövrlərdən isə yenidən elm dirçəlib. Yadda saxlamanı gücləndirməkdən ötrü, bunun üçün lazım olan texnikanı bilmək, üzərində işləmək, getdikcə sürəti artırmaq, yeni metodologiyalar kəşf etmək və işə tətbiq etmək lazımdır. Yaddaş texnikalarından bu gün tibb elmində daha geniş istifadə olunur. Belə ki, tibb elmində terminlər və incəliklər həddindən artıq çoxdur və həmin sahə ilə məşğul olanların dadına yaddaş elmi gəlir. Bu elmə həm də mnemonika deyirlər. Yadda saxlamanın texnikalarını bir müsahibəyə sığışdırmaq münkün deyil. Ancaq mən iki əsas texnikanı deyə bilərəm. Birinci əlaqələndirmədir, ümumiyyətlə nəyisə öyrənmək üçün onu nə ilə isə əlaqələndirmək lazımdır. İkincisi isə ki, yaddaş saraylarıdır. Yəni biz beynimizdə nəyisə saxlamaq üçün onu haradasa görməliyik.Məncə, bir materialı intuitiv olaraq yadda saxlaya bilirsənsə, heç bir texnikaya ehtiyac yoxdur. Belə ki, birinci oxuduğunu, öyrəndiyini qavramağa çalışmalısan, əgər yadda qalmırsa, daha sonra yaddaş texnikalarına keçmək olar. Qidalanma ilə bağlı internetdə onsuz da, kifayət qədər məlumat var. Sadəcə olaraq, mən onu deyə bilərəm ki, yaşıl məhsulların hamısı yaddaşın gücləndirilməsi üçün xeyirlidir. Qaragilə, moruq, qara şokolad-diqqət etmək lazımdır ki, şəkəri olmasın, varsa da çox az miqdarda olsun. Daha sonra balıq yemək yaddaş üçün faydalıdır. Lakin diqqət etməliyik ki, kiçik balıqlar olsun. Çünki böyük balıqlar kiçik balıqları yeyir və biz böyük balıq yeyərkən ağır metalları beynimizə ötürürük, bu isə arzuolunmaz haldır. Çərəz və tərəvəzlər də öz yerində. Ümumiyyətlə, yaddaşın gücləndirilməsi üçün nəyi qəbul etməliyik sualından çox, nəyi etməməliyik hissəsinə fikir verməliyik. Alkoqol, tütün məhsulları qəbul edilməməlidir, ən azı onların qəbulu minimal həddə salınmalıdır. Ət, çörək, xəmir məhsullarını yeməmək və ya bacardıqca uzaq durmaq lazımdır.

- Sizə baxıb ilhamlanan şəxslərə nə tövsiyə edərdiniz?

- Mənim qələbələrimə baxıb ilhamlanan şəxslərə tövsiyəm bu olar ki, bir hədəfiniz, arzunuz varsa, ondan əl çəkməyin. Tövsiyə edərdim ki, zehinlərini itiləsinlər. Həvəsdən düşdükdə bu sahə ilə məşğul olan birindən məsləhət alsınlar, dünya çempionu olacaqlarını xəyal etsinlər və həmin xəyaldan güc alsınlar. Yaxşı olar ki, gənclər öyrənməyi öyrənsinlər. Çox adam çox şey öyrənə bilər. Lakin sürətli öyrənmək tamam başqa istiqamətdir. Sürətli öyrənmək üçün texnika və metodları araşdırsınlar.

- Belə bir yaddaşa malik olmaq sizə iş həyatınızda hansı üstünlükləri qazandırır və ya hansı problemlərlə üzləşirsiniz?

- Yaddaşın güclü olması heç bir problem yarada bilməz. Çünki yaddaşın güclü olması beyin hüceyrələrinin güclü olması deməkdir. O ki qaldı iş həyatındakı üstünlüklərə, ümumiyyətlə, mən əsasən xariclə işlədiyim üçün yüksək rəqabətqabiliyyətliliyim olmalıdır. Bunun üçün isə daha sürətli öyrənməliyəm, bunda mənə yaddaş texnikaları kömək olur. Biznes fikirlərimi, ideyalarımı təkmilləşdirməkdə yaddaş texnikaları mənə kömək edir. Xaricdə elə şirkətlər var ki, şirkəti zehni cəhətdən səliqəyə salmaq üçün məni dəvət edirlər. Çünki həmin insanın zehninə girib, oradakı problemləri görə, aradan qaldırılmasına kömək edə bilirəm. Yəni bu qabiliyyətimin iş həyatında mənə verdiyi üstünlüklər çoxdur.

- Beyninizin bu dərəcədə yüklənməsi sağlamlıq cəhətdən sizi narahat etmir?

- Bu da doğru bilinən yanlışlardan biridir. Çox adam elə bilir ki, mən yarışlara gedirəm və yarışlardan sonra mənim beynim yüklənir. Ümumiyyətlə, yadda saxlamaqla beyin yüklənmir, əksinə beynimiz daha da sürətli işləməyə başlayır. Mən deyərdim ki, hətta beynimizi faydalı məlumatlarla doldurmaq, öyrənmək onun sağlamlığına xeyirdir. Necə ki, insanlar bədənlərinin qeydinə qalmaq üçün idman edirlər, o cümlədən, beynimizin sağlamlığı üçün də onu işlətməli, öyrənməliyik.

- Məlumatları sonradan beyninizdən silə bilirsiniz?

- Söhbət əgər yarışdan gedirsə, 1 həftə ərzində çalışıram ki, həmin məlumatlara toxunmayım və sonradan onlar yavaş-yavaş itirlər.O ki qaldı digər məlumatları, bildiklərimi yaddan çıxarmaq məsələsinə, bu, daha çox psixoloji sualdır. İnsan beyni elə qurulub ki, hansısa emosional xatirəni, pisi və ya yaxşını bir qayda olaraq zamanla unudur. Lakin məqsədli nəyisə beyindən silmək, bu artıq mənim yox, psixologiyanın sahəsidir.

- Sosial şəbəkələrdə, ictimaiyyət arasında kimlərsə, sizin bacarığınıza tənqidi yanaşır. Onlara nə demək istəyərdiniz?

- Əgər tənqid varsa, o, normal haldır. Çünki bir insan nəyisə təsəvvür etmirsə, onu anlaya da bilmir. Demək olar ki, 99 faiz rəy və tənqidlər müsbətdir. Neqativ rəylərə gəlincə. Bəziləri yanlış olaraq elə bilir ki, bu bir xəstəlikdir, yadda saxlamaq xəstəliyi. Lakin mənim elə bir xəstəliyim yoxdur. Mənim də bir çox şey yadımdan çıxır. Mən sadəcə olaraq nəyi istəsəm yadda saxlaya bilirəm, lakin bu demək deyil ki, nə gördümsə avtomatik olaraq yadımda qalır. Bəzən elə bir tənqidlə rastlaşıram ki, deyirlər yəqin onda autizm xəstəliyi var. Autizm xəstəliyi olanların yaddaşı güclü olur ki? Bu da yanlış bir yanaşmadır, təbii ki. Bəzən belə bir rəylər də oxuyuram ki, "buna baxın Hindistana getdi, onlar bizə düşməndir". Təəssüf ki, nə burada, nə də xarici ölkələrdə əksər insanlar öz beyinlərinin geniş potensialından xəbərləri yoxdur. Ona görə məsləhət görərdim beynin potensialını, o cümlədən yaddaş elmini araşdırsınlar, onun haqqında öyrənsinlər və özlərini inkişaf etdirsinlər. Bu, bir elmdir.

Səbuhi Elnur


SON XƏBƏRLƏR

04 Dekabr 2024